Valeh Kərimov yenidən səhnədə!

Valeh Kərimov yenidən səhnədə!

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Sumqayıt Dövlət Dram Teatrının canlı əfsanəsi, Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimov uzun illərdən sonra yenidən səhnəyə qayıdır.

OLAY yazır ki, ustad sənətkar tamaşaçıların qarşısına tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında səhnələşdirilən “Sonuncu qonaq” komediya tamaşası ilə çıxacaq.

Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti Valeh Kərimovun özüdür. Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor köməkçisi Ləman Məmmədlidir.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Əsərin mərkəzində əzrail tərəfindən unudularaq yer üzündə qalan, 90 yaşlı, həyata möhkəm bağlanan qoca Əlməndər dayanır. Yaşına baxmayaraq həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonağı – Əzraillə üz-üzə qalır.

Ölümə boyun əymək istəməyən qəhrəman müxtəlif hiylələrə əl atır, ustalıqla manevr edir, zamanı uzatmağa çalışır. Tamaşa boyunca həyat və ölüm, insan iradəsi, sevgi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər taleyi ilə barışaraq son qərarını verir.

Tamaşada Valeh Kərimovla yanaşı, əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Əjdər Zeynalov,Ceyhun Məhərrəmov, Şəms Abdullayeva ,Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alırlar.