"Kevinin anası" vəfat etdi - FOTO

"Kevinin anası" vəfat etdi - FOTO

"Evdə tək" filminin unudulmaz anası və "Schitt's Creek"in ikonik Moira Rouzu - kanadalı aktrisa Ketrin Ohara vəfat edib. 

Milli.Az xəbər verir ki, o, daha çox Kevin Makkallisterin həyəcanlı, lakin fədakar anası Keyt Makkallister rolu ilə tanınırdı.

Son illərdə canlandırdığı Moira Rouz obrazı ilə "Emmi" mükafatı qazanaraq yeni nəslin də rəğbətini qazanmışdı. Onun bu roldakı qeyri-adi aksenti və parikləri internet fenomeninə çevrilmişdi.

1954-cü ildə Torontoda doğulan Ohara karyerasına məşhur "SCTV" skeç qrupunda başlayıb. O, müxtəlif xarakterlərə girmək və səsləri təqlid etmək bacarığı ilə seçilirdi. Kristofer Gestin "Best in Show" və "A Mighty Wind" kimi filmlərindəki improvizasiya qabiliyyəti onun dahiliyinin göstəricisi idi.

Aktrisa 1992-ci ildən bəri tanınmış quruluşçu rəssam Bo Velç (Bo Welch) ilə evli idi. Onların bu evlilikdən Metyu (1994) və Lyuk (1997) adında iki oğlu var.

Lalə Qüdrətova
Milli.Az