Nərimanov Rayon Məhkəməsi müğənni Afət Fərmanqızının Xalq artisti Flora Kərimovaya 10 min manat təzminat ödəməsi ilə bağlı qərar çıxarıb. İki ilə yaxın davam edən məhkəmə 2024-cü il, 24 yanvarda yekunlaşıb. Ekspert rəyləri A.Fərmanqızının sosial şəbəkələrdə Xalq artistinin şərəf və ləyaqətini ləkələdiyini sübut edib.
Hər kəsə yaxşı bəllidir ki, bu, F.Kərimovanın ilk məhkəmə çəkişməsi deyil. Xalq artisti indiyə qədər, peşəsindən və mövqeyindən asılı olmayaraq bir çox şəxsi, hətta hökuməti belə, məhkəməyə verib və demək olar ki, əksəriyyətində qalib gəlib.
Milli.Az xəbər verir ki, moderator.az mövzunun aktuallığını nəzərə alaraq, F.Kərimovanın indiyə qədər səs-küy doğuran məhkəmə prosesləri ilə bağlı araşdırma edib.
Flora-İlhamə cütlüyü və ya "mehriban" düşmənlər
Xalq artistləri Flora Kərimova ilə İlhamə Quliyeva arasında uzun illər söz müharibəsi hökm sürüb. Bir-birilərinin ünvanına təhqirlər, təhdidlər, ittihamlar səsləndirən sənətkarlar dəfələrlə məhkəməlik olublar. F.Kərimova TV verilişlərinin birində onu təhqir etdiyinə görə İ.Quliyevanı məhkəməyə verib. 4 il davam edən məhkəmə çəkişməsindən sonra məhkəmə İ.Quliyevanın F.Kərimovanın ünvanına təhqirlərə yol verdiyini təsdiqləyib. 2012-ci ilin aprelində məhkəmə İ.Quliyevanın F.Kərimovadan üzr istəməsi ilə bağlı qərar qəbul edir. Lakin Xalq artisti bu üzrü qəbul etməyib.
Cəmi bir ay sonra isə İ.Quliyeva şərəf və ləyaqətinin alçaltdığına, işgüzar nüfuzuna xələl gətirdiyinə görə F.Kərimovanı məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsi F.Kərimovanı 3 min manat məbləğində cərimə edib. Göstərilən məbləğ İ.Quliyevaya 3 il müddətinə (F.Kərimovanın pensiyasından müəyyən məbləğ tutulmaqla) ödənilib. İlhaməni təhqir etdiyinə görə peşmançılıq hissi keçirmədiyini bildirən F.Kərimova İ.Quliyevanı məhkəməni tanışlıqla udamqda ittiham edib.
Faiq Ağayevlə qara çəkişmə
İlhamə-Flora davası, nəinki iki Xalq artisti arasında baş verib, başqa sənət adamları da bu ədavətin qurbanına çevrilib. Onlardan biri də Xalq artisti Faiq Ağayev olub. "Mən iki sənətkar arasında illərdir davam edən nifaqın qurbanıyam", - deyən F.Ağayev dəfələrlə F.Kərimova tərəfindən məhkəməyə verilib. F.Ağayevin F.Kərimovanı təhqir etməsi iddiası ilə qaldırılan məhkəmə çəkişməsi 3 ildən çox davam edib. 2009-cu ilin avqustunda məhkəmə tərəflərin bir-birindən üzr istəməsi və hər iki şəxsin 2 min manat təzminat ödəməsi barədə qərar çıxarıb. Qərardan narazı qaldan F.Kərimova Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağını bildirib.
Mediada yazılana görə, 2009-cu ildə F.Kərimova F.Ağayevə qarşı şərəf və ləyaqətinin təhqir olunmasıyla bağlı yeni iddia qaldırıb. İddiaya görə F.Ağayev F.Kərimova haqqında olduqca təhqiramiz 34 ifadə işlədib. Lakin Yasamal Məhkəməsinin hakimi Svetlana Əhmədova işi icraata götürməyib.
Xalq artistlərinin arasında 2008-ci ildə ANS telekanalında yeni il çəkilişi zamanı da xoşagəlməz insident yaşanıb. Kanalın dəhlizində başlayan mübahisə 2021-ci ilin yanvar ayında Yasamal rayon məhkəməsində bitib. Hakim Xəqani Tağıyev F.Kərimovanın şikayəti üzrə F.Ağayevi təqsirsiz elan edib.
İnstaqram izləyicisinə 1 illik cəza
F.Kərimova İ.Quliyevaya o qədər nifrət edib ki, həmkarı ilə müqayisə edilməsini belə, aqressiyayla qarşılayıb. 2021-ci ildə Xalq artisti İnstaqramda onun şəxsi həyatı haqqında böhtan və təhqir dolu fikirlər yazaraq onu mərhum İ.Quliyeva ilə müqayisə edən şəxsi məhkəməyə verib. Təqsirləndirilən şəxs F.Kərimova ilə barışığa cəhd etsə də, Xalq artisti təklifi rədd edib. Həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək bir il müddətinə islah işləri cəzasına məhkum edilib.
Sərxan Kərəmoğlunun peşmanlığı
F.Kərimova "Biz+" jurnalına müsahibəsində onun ünvanına təhqiredici ifadələr səsləndirdiyinə görə Sərxan Kərəmoğluna qarşı iddia qaldırıb. 2009-cu ildə Gəncə şəhər Kəpəz rayon Məhkəməsi S.Kərəmoğlunun 500 manat cərimə olunması və F.Kərimovadan lazımi qaydada üzr istəməsi barədə qətnamə çıxarıb. Üzrün məzmunu Xalq artisti tərəfindən tərtib ediləcək mətnlə Sərxan Kərəmoğlunun onu təhqir etdiyi jurnalda təkzib kimi dərc olunub.
Röyalənin ərşə çəkilən röyası
2018-ci ildə Xalq artisti ilə Əməkdar artist Röya Ayxan arasında yaranan qalmaqal da məhkəməyə qədər gedib çatıb. Belə ki, F.Kərimova Röya üçün səs diapazonunun kiçik olması barədə fikir səsləndirib. Əməkdar artist isə F.Kərimovanın qızına müraciət edərək "Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq" mesajını ünvanlayıb. Qarşı tərəf isə, "Mən demişəm, yenə təkrar edirəm. Məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Mən bu 78 ili "sizlər" kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm də dilçəyiniz. Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım, görürəm, ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək" - deyə İnstaqram hesabında yazıb. Ancaq sonradan müğənnilər arasında barışıq olub.
Ülviyyə Alovlunun "alovunu söndürmək" cəhdi
Xalq artistinin məhkəməyə verdiyi şəxslər arasında jurnalist Ülviyyə Alovlu (Muradova) da var. F.Kərimovanın təhqir və böhtanlara görə şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Jurnalist məhkəmədə iştirakdan boyun qaçırdığı üçün, hətta Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Ü.Muradova barəsində axtarış elan edilib. Düz 5 ilə yaxın davam edən məhkəmə, nəhayət ki, 2023-cü ilin iyununda başa çatıb. Hakim Abbas Rzayev Ü.Muradova barəsində bəraətverici hökm çıxarıb.
Onu da qeyd edək ki, 2022-ci ildə Ülviyyə Alovlu Flora Kərimovanı məhkəməyə verib. Jurnalist müğənnini ona böhtan atdığı üçün Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələrilə şikayət edərək həbsini tələb edib.
Qaş düzəltmək istədi, gözünü çıxardı
F.Kərimova 2023-cü ildə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb. Xalq artisti bu addımı atmasına, S.Heydərovanın onu uğursuz əməliyyat etdiyini əsas gətirib. Bildirib ki, həmin həkimin əməliyyatından sonra gözlərində problem yaranıb.
Hökumətə qarşı 59 min 100 avroluluq qələbə
F.Kərimova təkcə şəxslərlə yox, hökumətlə də məhkəmə çəkişməsi yaşayıb. Belə ki, 2005-ci ildə keçirilən parlament seçkilərində "Azadlıq" siyasi partiyalar blokunun 42 saylı Sumqayıt 1-ci seçki dairəsindən Flora Kərimovanın namizədliyi irəli sürülür. O, 35 seçki məntəqəsi üzrə qalib gələrək Dairə Seçki Komissiyasının yekun protokolu ilə deputat seçilsə də, Mərkəzi seçki Komissiyası nəticələri etibarsız hesab edir. F.Kərimova üzləşdiyi vəziyyətlə bağlı Avropa Məhkəməsinə şikayət edir. 2010-cu ildə onun Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hökumətinə qarşı qaldırdığı iddia təmin edilir. Qərara görə, Azərbaycan hökuməti zərərçəkənə 59 min 100 avro cərimə ödəməliydi. Məbləğin 50 min avrosu maddi ziyana, 7500-ü mənəvi zərərə, 1600 avro isə çəkdiyi xərclərə görəydi.
Xalq artisti həmin məhkəmə ilə bağlı bildirir ki, dövlətə qarşı olan bu qərardan nə qədər utanc hissi keçirsə də, onu belə bir addım atmağa ədalətsiz qərarlar çıxaran məhkəmələr məcbur edib.
Bütün bunlar F.Kərimovanın sadəcə bilinən, mediaya sızan məhkəmə prosesləridir. İddialara görə, ictimaiyyətə ötürülməyən xeyli sayda məhkəmələr də var. Məsələn, Xalq artistinin A.Fərmanqızı ilə pararlel olaraq həmin ərəfədə daha 3 nəfərlə də məhkəmə çəkişməsi olduğu bildirilir.
Sonda onu da qeyd edək ki, Xalq artisti məhkəmə çəkişmələrini belə əsaslandırıb: "Mən şərəfimi, ailəmin namusunu, övladlarımın qazandığı səviyyəni qorumaq istəyirəm. Mən bu gün varam, sabah yoxam. İstəmirəm ki, məndən sonra bu problemlər övladlarıma başağrısı olsun. Bu problemlərə məndən başqa heç kəs cavab verə bilməz. Çünki mən bu problemlərin içindəyəm. Haqqı-nahaqqa vermək istəmirəm. Odur ki, haqqımı sənət və sübutla isbat edirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun