Ceki Çanın oxuduğu mahnı ölümündən sonra yayımlanacaq

Ceki Çanın oxuduğu mahnı ölümündən sonra yayımlanacaq

"Gözlənilməz ailə" adlı dram filminin premyerası zamanı dünya şöhrətli aktyor Ceki Çan diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

Milli.Az-ın xarici mediaya istinadən yaydığı xəbərə görə, aktyor öz ölümünə psixoloji baxımdan necə hazırlaşdığından danışıb. O bildirib ki, son düşüncələrini yeni bəstələdiyi musiqi kompozisiyasında ifadə edib və bu əsərin təqdimatı onun vəfat etdiyi günə təsadüf etməlidir.

Ceki Çan etiraf edib ki, gənclik illərində tez-tez təhlükəli tryuklar edərkən erkən yaşda həyatını itirəcəyini düşünür və bu yolla əfsanə kimi yadda qalmaq istəyirdi. Lakin aktyorun sözlərinə görə, zamanla bu düşüncə tərzi dəyişib və artıq keçmişdə qalıb.

Yeni ekran işində Çan Alzheimer xəstəliyindən əziyyət çəkən yaşlı bir kişinin obrazını canlandırır. Filmdə onun qəhrəmanı evində yaşayan yad bir şəxsi səhvən oğlu zənn edir və nəticədə qeyri-adi bir ailə hekayəsi formalaşır.

Rola daha dərindən hazırlaşmaq üçün aktyor Alzheimer diaqnozu olan insanlarla yaxından ünsiyyət qurduğunu deyib. Ceki Çan bu filmin sözügedən xəstəliyin yaratdığı çətinliklərə cəmiyyətin diqqətini daha çox cəlb edəcəyinə ümid etdiyini vurğulayıb.

Musa
Milli.Az