Kəmalə Piriyeva “Maska” şousundakı gizliliklərdən danışdı

Kəmalə Piriyeva “Maska” şousundakı gizliliklərdən danışdı

"Maska" şousunda gizlilik o səviyyədədir ki, heç kim bir-birinin üzünü görmür. Bütün iştirakçılarla heç kəsə bir kəlmə deməmək barədə şərt kəsilir. Bu barədə hətta ailə üzvlərimiz də heç nə bilmir. Elə məhz bu qayda orada iştirakı çətinləşdirir".

Milli.Az xəbər verir ki, bu fikirləri lent.az-a açıqlamasında şouda kəpənək obrazı ilə çıxış edən aktrisa və aparıcı Kəmalə Piriyeva deyib.

O, şoudan özü getmək arzusunda olduğunu bildirib.

"Bu veriliş üçün bizim mahnılarımız öncədən yazılmışdı. Mənə təklif gələndə kəpənək kostyumunu görüb Kəpənək obrazında olmaq istədiyimi dedim. Amma inanın, o kostyumu geyinmək asan deyildi. Çəkilişlər hələ yayda başlamışdı. Kostyumun içində çox isti olurdu, maskam da burnumun üstünü sürtmüşdü buna görə dözmək heç də asan olmurdu", - o bildirib.
"Şou o dərəcədə mükəmməl hazırlanmışdı ki, heç kim bir-birinin üzünü görə bilmirdi. Hər iştirakçıya ayrıca otaq ayrılmışdı. Məsələn, çıxıb tualetə getmək lazım gəlirdisə, komandaya bildiriş gedirdi ki, iştirakçı dəhlizə çıxır. Bütün dəhlizlər boşaldılırdı ki, kimin dəhlizə çıxdığını heç kim görməsin.

Telekanalın ətrafında maşınlarımızın görünüb tanınmaması üçün bizi ora xüsusi maşınlarla aparıb gətirirdilər, görüşü isə neytral ərazidə təşkil edirdilər. Məsələn, məni hansısa bir parkın ərazisindən götürüb telekanala aparır, içəriyə də son dərəcə gizli yollarla salırdılar. Bu məsələdə ən çətini ailə üzvlərimizdən harada olduğumuzu gizlətmək idi", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun