Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli açıqlaması ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, qayınana-gəlin münasibətləri mövzusuna toxunan N.Səfərlinin fikirləri birmənalı qarşılanmayıb. O, bildirib ki, indiyə qədər gəlinləri ən çox müdafiə edənlərdən biri məhz özü olub:
"Məndən çox gəlin müdafiə edən olmayıb. Gəlinim gələn gündən, hətta ondan əvvəl də 'Banu' verilişində həmişə gəlinlərin müdafiəsinə çalışmışam. Öz gəlinimə də demişəm ki, birdən səhv etsən, birinci mənə de, səni o quyudan çıxara bilim. Bəlkə də gəlinim yaxşıdır deyə, onun haqqında ağız dolusu danışıram. Olmasa da deyərdim".
Nazilə Səfərli qeyd edib ki, gəlinin qayınataya və qayınanaya baxmaq kimi bir məcburiyyəti yoxdur:
"Ata-anaya gəlin baxmalı deyil, bu, onun borcu deyil. Əgər baxırsa, buna görə təşəkkür etməlisən. O zaman oğul da arvadının ata-anasına baxsın. Bu məcburi yox, könüllü olmalıdır".
Açıqlamasında qayınanalara da müraciət edən Səfərli bildirib ki, həyatındakı uğursuzluqları gəlinin üzərinə atanlar var:
"Qayınana hər qabağına çay qoyan zaman gəlinə azar deyib, həyatındakı uğursuzluqların acığını ondan çıxanlar var. Sən gəlini oğlundan yaxşı saxlamalısan. Onu sənə əmanət veriblər. Gəlinə zülm etmək lazım deyil".
Qeyd edək ki, Nazilə Səfərlinin bu fikirləri sosial mediada geniş rezonans doğurub, izləyicilər arasında həm dəstək, həm də tənqid dolu rəylərə səbəb olub.
Musa
Milli.Az
















