Amerikalı müğənni Mark Entoni Bruklin Bekhem və Nikola Peltsin toyundan sonra yaranan və onu da dolayı yolla müzakirələrin mərkəzinə çəkən Bekhemlər ailəsindəki münaqişə ilə bağlı ilk dəfə danışıb.
OLAY yazır ki, “The Hollywood Reporter” nəşrinə müsahibəsində sənətçi məsələni detallı şərh etməkdən imtina etsə də, hadisələrin ictimaiyyətə təqdim olunan versiyasının reallıqdan uzaq ola biləcəyinə işarə edib.
“Bu məsələnin təqdim olunma forması son dərəcə təəssüf doğurur. Amma görünən mənzərənin həqiqəti tam əks etdirdiyini düşünmürəm”, – deyə Mark Entoni bildirib. O əlavə edib ki, Bekhemləri “möhtəşəm ailə” hesab edir və onlarla uzun illərdir yaxın münasibətdədir.
Qeyd edək ki, Mark Entoni Viktoriya və Devid Bekhemin kiçik oğlunun xaç atasıdır.
Xatırladaq ki, qalmaqal Bruklin Bekhemin valideynləri ilə münasibətlərini kəsdiyini açıqlamasından sonra alovlanıb. O, 2022-ci ildə keçirilən toyunda anası Viktoriya Bekhemin xoşagəlməz vəziyyət yaratdığını iddia edib. Bruklinin sözlərinə görə, həyat yoldaşı ilə ilk rəqsi əvvəlcədən romantik mahnı sədaları altında planlaşdırılsa da, hər şey fərqli cərəyan edib:
“Anam həyat yoldaşımla olan ilk rəqsimi kəsdi… O, çox uyğun olmayan şəkildə rəqs edirdi və mən özümü heç vaxt bu qədər alçaldılmış hiss etməmişdim”.

















