Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Ralf Şumaxer partnyoru Etyen Buske-Kassanye ilə evlənəcəyini açıqlayıb.

OLAY yazır ki, keçmiş Formula 1 pilotu, 50 yaşlı Ralf Şumaxer partnyoru Etyen Buske-Kassanye ilə evlənəcəyini elan edib. Cütlük bu xəbəri fevralın 10-da birgə instaqram paylaşımı ilə ictimaiyyətə çatdırıb.

Paylaşımda onların qədəhləri toqquşduraraq birlikdə gülümsədikləri foto və rəsmi açıqlama yer alıb. Alman və ingilis dillərində yayımlanan bəyanatda deyilir:

“Ralf Şumaxer və partnyoru Etyen Buske-Kassanyenin evlənəcəyini təsdiqləməkdən məmnunuq. Hər ikisi aldıqları çoxsaylı səmimi təbriklərə görə sevinclidir”.

Açıqlamada həmçinin qeyd olunub ki, “Ralf və Etyen şəxsi həyatları ilə bağlı əlavə şərh verməyəcəklər və şəxsi seçimlərinə hörmət olunmasını xahiş edirlər. Anlayışınız üçün təşəkkür edirik”.

Qeyd edək ki, Ralf Şumaxer 2013-cü ildə xizək qəzası nəticəsində ağır beyin travması alan F1 əfsanəsi Mixael Şumaxerin kiçik qardaşıdır. O, 2024-cü ilin iyulunda instaqramda homoseksual olduğunu açıqlamış və Etyen ilə münasibətini ictimailəşdirmişdi.

Ralf həmin vaxt belə yazmışdı:

“İnsanın həyatında ən gözəl şey odur ki, yanında hər şeyi bölüşə biləcəyin doğru partnyorun olsun”.

Onun oğlu, yarışçı David Şumaxer də paylaşımın şərhlərində atasına dəstəyini ifadə etmişdi:

“Ümid edirəm ki, nəhayət özünü həqiqətən rahat və güvənli hiss etdiyin birini tapmısan — fərqi yoxdur kişi və ya qadın. Ata, mən 100% səninləyəm və sənə ən xoş arzularımı və təbriklərimi çatdırıram”.

Ralfın 24 yaşlı Davidi keçmiş həyat yoldaşı Karolin Şumaxerlə evliliyindən dünyaya gəlib. Cütlük 2001-ci ildə evlənib, 2015-ci ildə boşanıb.

Karolin də Almaniyanın Bild nəşrinə açıqlamasında keçmiş həyat yoldaşı və onun nişanlısına xoş arzularını çatdırıb. O bildirib ki, cütlük mayda Saint-Tropez şəhərində üç günlük toy planlaşdırır.

Ralf Şumaxer 1997–2007-ci illərdə Formula 1-də yarışıb, 2012-ci ildə isə motorsport karyerasını başa vurub. Münasibətlərini ictimailəşdirdikdən sonra o, sosial şəbəkədə birlikdə həyatlarından tez-tez görüntülər paylaşır.