Natavan Həbibi uzun müddət sonra səssizliyini OLAY üçün pozub.
Müğənninin saytın “Pərvizlə” layihəsinə verdiyi müsahibəsini təqdim edirik:
- Natavan Həbibi bir anda dəyişdi. Ad, loqo yeniləndi. Bunun səbəbi nə idi?
- Bu loqo artıq 2005-ci ildə var idi. Onda “Mən səni itirsəm” mahnısı işıq üzü görməmişdi, aranjiman işləri gedirdi. Amma biz “NataOne” loqosunu düşünmüşdük. O vaxtdan bunu bilirdim ki, bu ad və loqo nə vaxtsa öz yerini, mənasını tapacaq. Burada da məna o oldu ki, öncələr sima kimi, həyata baxış tərəfindən Natavan Həbibi idi. NataOne-dan ona görə istifadə olundu ki, hər şey dəyişmişdi. Həyata baxışım, içim... Dünyada belə musiqiçilər çoxdur. Bir neçə fərqli təxəllüs götürür. Üslublarını göstərmiş olur. Yəni, mən bu tərzdə də ifa edə bilirəm, digərində də. Bunları da bir-birinə qarışdırmaq düzgün deyil. Ayrı-ayrı bölümlər etməlisən. Yəni, filan tərzdə Natavan Həbibi kimi oxumuşam, bu üslubda isə “NataOne” kimi. Çünki musiqidə aranjiman, səs, hər şey dəyişdi. Məncə, loqonu dəyişmək mütləq idi. Bu da öz vaxtını 2021-ci ildə tapdı.
- Yenidən Natavan Həbibiyə qayıtmaq fikriniz var?
- Sonra bir mahnımız Natavan Həbibi adı ilə çıxdı. Tərz olaraq köhnə repertuarda olan mahnılar kimi akustik səslənmədə idi. Amma “Utopia” isə “NataOne” təxəllüsü ilə yayımlandı. Düşünürəm ki, bu, Azərbaycan üçün yenilikdir. Bizdə həmişə belədir ki, qeyri-adi qarşılanan sonda düz çıxır. Yenilik hər zaman sorğulanır, dərhal qəbullanmır. Sorğu-sual edilir, sonra isə öz yerini tapır.
- Və təkrarlanır...
- Bəli!
- Əvvəllər dost məclislərində daha çox olurdunuz. Deyəsən, Natavan Həbibidən NataOne-a keçmək, sizi bu yığıncaqlardan, xüsusi “kruq”lardan da uzaq salıb.
- Deyim ki, sırf hansısa səbəblərə görədir. Yox. Sadəcə böyüyürük, həyat sahibi oluruq, öz “kruq”umuz olur. Həyata baxışımız bir az fərqlənir. Bir dəfə də demişəm ki, Zeyd dünyaya gəldikdən sonra hələ tam sərbəst evdən çıxmamışam. Bizim dayəmiz yoxdur. Onun körpə vaxtlarında var idi. Onda albomla məşğul olurdum, sırf gecələr studiyada çalışırdım. Tezdən evə gəlirdim ki, onun yuxudan oyanmağına çatım. Dayəmiz gedəndən sonra biz başqa adamı dəvət edə bilmədik. Bu, bir az çətin məsələdir ki, evdə yad adam olsun. Amma mən evdəyəm, gecələr isə mütləq mahnılarımın üzərində çalışıram. Bir çox studiyada iş proseslərim var. İş heç vaxt dayanmır. Baxmayaraq ki, çox yerdə olmuram, gəlib-getmirəm, musiqi üzərində isə daim iş gedir. Hansısa mahnı hazır olanda klipsiz təqdim edirəm. İnsanlarla görüşməməyim də bu səbəbdəndir. Çünki evdən tez çıxa bilmirəm. Anamın bir də görürsüz şəkəri, təzyiqi düşüb, qalxır. Bacım öz uşağına baxır. Artıq məişət qayğılarım var. Kiminləsə görüşmək bir az arxa plana keçir. Bir az Zeyd böyüsün, onun ən şirin vaxtalarından doyum. Fikirləşirəm ki, birdən hansısa sözü tutmaram. Çünki hər gün yeni nələrsə öyrənir. Mən də 40 il gözləmişəm ki, övladım olsun, bu hissləri yaşayım, yaşayıram da. Allah arzusunda olanlara qismət etsin ki, hər bir xanım bu hissləri yaşasın. Heç vaxt görmədiyim günləri yaşayıram. Həm də yeni evə köçmüşük. Mən Bakıya köçəndən 25 ildir ki, öz evim olmayıb. Bakını nəyə görə yaxşı tanıyıram. Çünki bütün rayonlarında kirayə qalmışam, bütün evlərdə yaşamışıq. İndi öz evim var. Həmişə gözlədiyim günləri yaşayıram. Arzulamışam ki, öz evim, ailəm, övladım olsun. Lakin mən də darıxmışam dostlarımla görüşmək üçün. Qeyd etdiyim səbəblərə görə alınmır. Bir az mənə vaxt versinlər, inşallah tez-tez görüşərik.
- Müğənni Natavan kimi ana Natavanı necə dəyərləndirirsiniz?
- Mən evin kişisi, atasıyam. Uşaqlıqdan hər məsuliyyəti öz üzərimə götürmüşəm. Mənimlə böyüyən uşaqları dindirsəniz, deyərlər ki, o, əvvəldən hər kəsə məsuliyyətlə yanaşıb. Çünki rahat həyat keçməmişəm. Natavan məsuliyyətli anadır. Zeydə yetirəm, məni çox sevir. Hiss edirəm ki, ana kimi ona ləzzət edirəm. Anama baxıb ibrət götürmüşəm. Necə böyümüşəmsə, elə də uşağımı tərbiyə edəcəyəm.
- Qısa müddət öncə Röya Ayxanla bir barışıq yaşandı... Hamı bunun pərdəarxası ilə maraqlanır. Necə oldu?
- Biz məkanlarda mütəmadi rastlaşmağa başladıq. Ümumiyyətlə, mən qaranlıqda görmürəm. Röyayla elə bir şey yaşamışıq ki... Bilirəm, bu küsülülüyü o etdi, bloka atdı və sairə. Bilirdim ki, o gün gələcək ki, yenə bir yerdə olacağıq. Arada ümumiyyətlə heç nə yox idi. Başqalarının söhbəti idi, mənə də deyəndə düz demədi, ona görə belə bir şey yarandı. Dedim ki, poçtalyon deyiləm, özün de. O da məni bloka atdı. Amma həmin insanlarla dostluq edirdi, bir yerdə çalışırdı. Çünki yadından çıxmışdı. Qeyri-ciddi, gülməli səbəblər idi. Əsl səbəblər unudulurdu, amma yeni söhbətlər çıxırdı. Hansısa verilişdə kimsə nəsə danışırdı, əlavələr olurdu. Mən ciddi yanaşmamışam. Onlar həmişə çıxıb danışırdı, mən isə malalayırdım. Gördüm ki, nəsə çox oldu. Mən də bir nəticə verirdim ki, bu söhbətləri yığışdırsınlar. Ayıbdır. Bizə yaraşmır...
İndi də Röya, Elnarə və Səidənin söhbətləri qarşıma çıxır. Heç yaxşı deyil. Bizə yaraşmır. Aranızda problem olmadığı halda... Bizim bölüşməli nəyimizsə yoxdur. Çünki hərəmizin adekvat şəkildə tutduğumuz yer var. Kimsə kimsənin yerini tutmayıb, tuta da bilməz. Hər kəs işinin peşəkarıdır, əhatəsinin şahıdır. Bölüşməyə nəsə yoxdur ki, problem olsun. Nə qədər tez bağlansa, o qədər yaxşıdır. Heç bilmirəm, aralarındakı nə söhbətdir.
- Elnarə xanım dedi ki, onu bağa dəvət etməyibsiniz.
- Ondan əvvəl yəqin ki, nəsə olmuşdu. O ki qaldı həmin qonaqlıq sırf mənim üçün idi. Barışmağımıza görə edilmişdi. Röya dedi ki, söhbət edək, yemək yeyək, soruşdu ki, nə istəyirsən? Dedim, suşi və sairə. Oturduq, söhbət etdik, sırf özümüz üçün ayrılan zaman idi. Başqa fikirlər yox idi ki, kiməsə deyək, deməyək. Ya Elnarə inciyər, inciməz.
- Bəs, sizin Elnarə ilə münasibətiniz necədir?
- Normal. Bizim söhbətlərimiz 2002-də oldu, bitdi, qrup dağıldı. Münasibət pozuldu, Vaqif Gərayzadə dəli oldu. Uşaqlıq vaxtları idi. İndiki ağlımız olsaydı, həmin şeyləri niyə edərdik?
- Məncə, bunlar sizin xeyrinizə oldu ki, zamanla hamınız parladınız...
- Qismət o idi. Nə olmalıydısa, yaşandı. “Bu niyə belə oldu” - yersiz sualllar və mövzulardır ki, danışılsın. Əsas odur ki, hələ də maraq var. “W-trio”nun özü yoxdur, adı var. Artıq 20 ildir. Amma sadəcə 2 il fəaliyyət göstərən qrup 25 ildir unudulmur. Bu, o deməkdir ki, Vaqif Gərayzadənin ən uğurlu seçimi idi. Elə insanları seçdi ki, onlar bir-birinə enerji olaraq ziddi olmadı. Ya da oldu ki, hələ də söhbətlər yaranır, bu söhbətlərin üstündə reytinq toplanır. Ortada nəsə yoxdur, amma söhbətlər var. Deməli, maraqlıdır. Yəqin bu da naxışdır. Başqa cür baxmıram ki, problem olsun, ya söz-söhbət. Sadəcə gülməli söhbətlərdir. İnsanlar bizə baxıb ibrət götürür. Biz haradansa gəlməmişik ki, bu söhbətləri yaradaq insanlar baxıb gülsün. Yəni, nəvə oynatmaq vaxtları çatdı, ancaq bir-birilərini didirlər. Çünki ortada bir problem də yoxdur. Hərəmizin öz ruzisi, ailəsi, hamımızın da hər şeyi var. Biz uşaqlıqdan dırnaqla, pillə-pillə, kasıbçılıqdan, hansısa uğurlara nail olmuşuq...
Bizimkilər hansısa uğur qazananda fərəhlənirəm ki, bizə bax, gör biz nə edirik, haradan hara gəlmişik? Filankəsə bax 30 neçə yaşında Xalq artistidir. Bu, məndə ancaq fərəh hissi yaradır. Bax, tüklərim biz-biz durur. Yoxsa filankəs oldu, mən olmadım. Belə düşünmürəm. Düşünsəm, Natavan olmaram. Onda gərək adımı dəyişib, Marusya qoyum ki, kiminsə uğuruna sevinmirəm. Paxıllıq edirəm ki, buna bax, içimizdən biri hansısa böyük uğura nail oldu.
Qrupda Vaqif Gərayzadə dedi ki, sən böyüksən, nə bilirsənsə, digərlərinə də keçir. Sonra da “Şeron” gəldi, onlar da bildiklərini bizə ötürdü, biz də onlara. Orada ancaq savadın qarşıdurması ola bilərdi. Biliklərin çoxalmasının yurdu olub. İndi bunları ucuzlaşdırıb, ordan-burdan gələn insanlara özümüzü oxşatmaq, özümüzü elə görmək istəmirəm. Bizə yaraşmaz, çünki biz sənət daşıyıcısıyıq. Sənəti təmsil edirik, Azərbaycan musiqisinin simalarıyıq. Kimsə trenddədirsə, toylardadırsa, bu pulun hesabınadır. Bir var musiqini sevmək, bir də var, musiqinin içində özünü sevmək. Bunlar tamam başqa anlayışlardır. Mən sənəti sevdiyim üçün hələ də burdayam. Yoxsa heç sənətə gəlməzdim. Çünki o qədər ailə problemlərim olub, ilk gündən deyirdilər ki, filankəsimiz çatmırdı. Vaqif Gərayzadə rastıma çıxmayıb, başqası çıxsaydı, alınmazdı. Çünki biz sənətə başlayanda təhlükəli insanlar çox idi. Gözümüzün önündə qruplar var idi ki, prodüserlər qızlarla çox pis rəftar edirdi, başqa məqsədlər üçün istifadə edirdilər. Biz isə sırf Vaqif Gərayzadə kimi dahinin yanında olmuşuq. İlk gündən ulduzlarla çalışmışıq. Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva... Onların konsertlərində, əhatəsində təcrübəmizi yığa-yığa böyümüşük… Lazımsız, təsadüfən bu sənətə gələn insanları tanımamışıq ki, özümüzü elə aparaq. Bizdən öncə də kimsə bunları edibsə, qalmaqallar yaşayıblarsa, düz etməyiblər. Yenə də biz onlara baxıb etməməliyik. Çünki üzərimizdə bir məsuliyyət olmalıdır. Vaqif Gərayzadənin adı var. Həm də öz adımızı brendləşdirmişik. Haqlı olaraq. Hamımız öz savadımız, sənətimiz, işgüzarlığımızın nəticəsində bu günə çatmışıq. Birimiz öndədirsə, mən ancaq alqışlayıram. Deyirəm, sənə halaldır, sən necə güclüsən. Röya deyir ki, mən tankam, sən tank deyilsən. Deyirəm, deyiləm, sənə halaldır, bu qədər enerjini haradan tapırsan? Bizim aramızda bu söhbətlər ola bilməz axı. Bizimkilərdən kimsə qabağa düşdüyü üçün sevinərəm.
- Sosial mediada bu mövzuda ən çox günahlandırılan Elnarə xanımdır. Onun ailə qurduqdan sonra sənətini geri plana atdığını iddia edirlər. Məsələn, deyirlər ki, Röya Ayxan və Natavan Həbibi sənətinə önəm verib, daha irəli gedibsə, sən ailəni üstün tutmusansa, günah onlarda deyil.
- Mən bu sözlə razı deyiləm ki, Elnarə ailə qurdu, sənətini qurban verdi. O, evləndikdən sonra daha çox musiqi ilə məşğul oldu. Bir çox üslublarda oxudu, məsələn: etnik, rok. Onları seçə-seçə, özünü kəşf edə-edə bu gün Elnarə oldu. Onun əziyyətini kiçiltmək olmaz. O tamaşaçılar deyil, şou-biznesin ətrafında fikir formalaşdıranlardır. İstəyirlər ki, camaat belə düşünsün ki, Elnarə ya da Natavan sənətə önəm vermir, ailəni daha üstün tutur və sairə. Halbuki, nə Röya, nə Elnarə nə də Natavan bir gün dayanmadı. Biz hər gün işin içindəyik. Sadəcə elə dəyərlər var ki, bizim şou-bizneslə onları müqayisə edə bilməzsən. Ayıb olar. Ailə dəyərləri başqadır. Kimsə ailəyə görə irad bildirirsə, onların insani keyfiyyətlərinə şübhəm var ki, nəyi nədən üstün billirsən?! Sənin üçün üstün olan nədirsə, sənin insani keyfiyyətlərini göstərir. Kim mənə deyə bilər ki, Zeyddən vacib hansısa mahnı, kiminsə tədbiri var? Ola bilməz! Mənim üçün belədir. Mənim üçün ən önəmlisi ailəmdir. Anam qocalır. Bütün gün şəkəri qalxır, təzyiqi düşür, bacım Sara həm öz uşağı ilə məşğul olur, həm də mənim işlərimə qaçır. Hansı iş mənim üçün daha önəmli ola bilər? Ona görə də Elnarə sənəti ilə məşğul olmadı və sairə deyə bilməzlər… İstəyirlər ki, Elnarə haqda belə düşünsünlər. Çünki o, belə deyil. Kiminsə əziyyətini aşağılamaq olmaz. İnsan illərdir əziyyət çəkir, indi tələbələr yetişdirir. Bizim üçümüzü müqayisə etmək düzgün deyil. Üçümüz də müxtəlif və mürəkkəb olduğumuz üçün bir yerə toplanmışdıq. Çünki biz eyni olsaydıq, bizdən bir səs çıxardı. Amma fərqli olduğumuza görə, müxtəlif çıxırdı. Hərənin öz koloriti var. Bizim həyata baxışımız da müxtəlifdir. Ayrı-ayrıdır. Biz Röyayla sonuncu dəfə görüşəndə dedi ki, sənə demişdim, belə yaşa. Mən də dedim ki, nə bilim belə olacaq. Hərənin həyata baxışı başqa cürdür. Kimsə kimsənin həyatına müdaxilə edə bilməz, ancaq məsləhət verə bilərsən. O da insan tərbiyəsindən, qanından asılıdır, mən bu yolu düz bilirəmsə, belə gedirəm, o bu yolu başqa cür bilir. Müqayisə etmək də düzgün deyil. Elə bil ki, Aygün Kazımova ilə Zülfiyyə Xanbabayevanı 40 ildir oturub müzakirə edəsən ki, eyni qrupda olublar. Hərəsi bir fərddir, hərənin öz yolu var. Kiminsə tamaşaçısını digəri oğurlaya bilməz. Çünki hərənin öz dinləyicisi var. Bu gün filankəsin dinləyicisi məni də bəyənə bilər. Amma eləsi var ki, onu bəyənir, məni qətiyyən sevmir. Zövqlər müxtəlifdir.
- Sosial şəbəkələrdə filankəsin səsi yoxdur düşüncəsi var. Onlar işin texniki tərəflərini, dərinliyini bilmədən belə rəylər yazırlar. Sizcə, müğənnilərdə səs miqyasının müzakirəsi nə qədər doğrudur?
- Səsi yoxdur deyimi düzgün deyil. Çünki hamımız danışırıq, deməli, səsimiz var. Səsi idarə etmək, bunun texniki tərəfləri var. Oxumaq bacarığı isə başqa şeydir. Bir var, oxuya bilirsən, bir var yox. Yəni, musiqi duyumun yoxdur, musiqini çatdırmaq istəyirsən, alınmır. Bunlar texniki tərəflərdir. Bu müəllimdən asılı deyil. Ya var, ya yoxdur. Məsələn, 40 ildir Cey Lo oxumağı öyrənməyə çalışır. Amma balaca səsi ilə nəsə edir. Meray Kerri ilə o müqayisə olunmazdır. Halbuki Cey Lonu Meray Kerrinin yerinə yetişdirib, “partlatmışdılar”. Çünki Merayın müqaviləsi bitmişdi, əri ilə boşanmışdı, onun acığına Cey Lonun ulduzunu yandırdılar. Cey Lo hər nə istəyir etsin, oxumaq o deyilsə, deyil. Meray Kerrinin oxumağına Cey Lo çata bilməz. Yeni-yeni belə şeylərlə rastlaşanda fikirləşirdik ki, camaat nələr yazır. Camaat deyil, müğənnilərin ətrafında çox insan var. Prodüserlər, köməkçilər, onların qohumları… Hərəsində də 150 telefon var. Bunlar da bir fikir formalaşdırırlar. Bu da elədir ki, birinci şərh necə yazılırsa, elə də davam edir. Pis yazsan, pis yazılır, yaxşı yazsan, yaxşı. Hər şey çox bəllidir. Yəni, danışan kimdir? Məsələn, deyən kimdir ki Natavan oxuya bilmir? Adekvat insanın belə düşünməyi də ayıbdır.
- Əvvəllər Aygün Kazımovaya şərhlər yazırdınız. Axır vaxtlar görmürük. Niyə?
- Ona bir dəfə şərh yazmışam. Nəsə yazmışdı mənə, mən də alicənablıq etdim, çünki məndə hər şey qarşılıqlıdır. Kim mənə necədirsə, elə qarşılıq verirəm. O vaxt deyirdim ki, beş də artıq qarşılıq verirəm, indi isə eyni. Çünki böyümüşəm. Bəzi şeylər var ki, açıqlamıram. Məsələn, soruşarlar ki, bəs niyə tədbirə və ya məclisə gəlmədin. Amma mənim açıqlamadığım tərəflər də var. Hansılar ki, bunu demək ayıb olur. Təkbətək görüşəndə deyə bilərsən ki, nəyə görə məclisinə getmədim, dostluğu davam etdirmədim, şərh yazmadım. Gizli məqamlar var ki, bunu açıqlamaq düzgün deyil. Hamımız yetişkin insanlarıq. Böyük-kiçik söhbətlərini kimsə ləğv etməyib, bizdə olduğu kimi qalıb. Sadəcə kim mənə necədirsə, eyni cavabı verirəm. İndi daha çox səmimiyəm. Hansısa yerdə görünməməyimin səbəbi budur. Özümü orada görmürəm, bilirəm ki, o dostluq o deyil ki, ora gedim. Mənim orada olmağımda insanların məqsədi nədir bilirəm. Kiminsə oyununa da qatılmıram. Artıq oyunlarda iştirak etmirəm. O vaxt bilirdim ki, oyun gedir, oynayırdım. İndi oyunları pozuram ki, artıq orada deyiləm. Həm əqli, şərti və yaş olaraq böyümüşəm. Maraqlarım başqa yerdədir, şou-biznesdə deyil ki, fikrimi ayırım ki, filankəs nə oldu.
- İnstaqramı da buna görə sıfırlamısınız?
- Artıq ikinci dəfədir ki, sıfırlayıram. Birincidə Zeyd etmişdi. Balaca idi. İkinci dəfə bacım dedi ki, öz qohumlarını, dostlarını kütləyə göstərmək düzgün deyil. Yəni, biz Beyonsun xalası qızını tanımarıq. Mən xalamı, əmimi göstərməməliyəm. Dostluqlarımı doğrudan da gizlədirəm. Kiminlə yaxşı münasibətdəyəmsə, bunu göstərmək istəmirəm, çünki mənim dostluqlarıma göz dəyir. 40 ildir yaşayıram və görürəm. Ətrafımda yaxşı insanlar olub, amma itirmişəm. Sırf qorxmadığım üçün, göstərdiyimə görə. Ona görə də instaqramda heç kimi izləmirəm. Nə dostlarımı göstərirəm, nə də düşmənlərimi.
- Tiktok-a da gəlmisiniz…
- Ona da Aysu sağ olsun. O olmasa, instaqramım da olmazdı.
- Hesabınız çox maraqlıdır. Digər ulduzların səhifələrindən fərqlənir. Futuristik ab-havası var.
- Doğrudan? Menecerim yanımda olmasaydı, olmazdı. O vaxt heç kim platformalarda yox idi. Biz isə 10 ildir bu işin içindəyik, hər şey sənədlə qanunla, stabil olaraq reysində idi. Çünki Aysu uşaqlıqdan belə şeylərə önəm verib. O hələ uşaq idi, amma başı çıxırdı. Feysbukdan, Yutubdan, İnstaqramdan, indi də TikTok-dan işə başaldıq. Hər şeyi də yüksək səviyyədə edir. Ətrafımdakı insanlar keyfiyyətli insanlardır. Onun zövqü, tərbiyəsi, həyata baxışı da bunun içindədir. Bu da Aysunun məhsuldarlığıdır. O balaca qızdan peşəkar montajçıya çevrildi. Mənim qısa roliklərimdən başlamışdı. “Sevgi bizə yola verdi” mahnısına klipi də Aysun çəkib. Mən yeni telefon almışdım. Biz də həmin gün Prezident seçkilərindən gəlirdik. Dedim, qəşəng bir yer var, gəl, düşək telefonu yoxlayaq. Sürücümüz tüstü saxlayırdı, Aysu çəkirdi. Digər telefonla da səsi qoşmuşduq. Evə gəldik, montaj elədik, yerləşdirdik. Ümumiyyətlə Aysu ilə işlərimizin çoxu belə təsadüf nəticəsində olub. Biz çox önəm vermədən nəticəsini görə bilirik.
- İllər sonra özünüz üçün televiziya qanunu qoymuşdunuz, onu da Space TV ilə pozdunuz...
- Bildirmişdim ki, qonorarsız, qanunsuz yolla efirə çıxmayacağam. “Space”də həm Aysu çalışır, həm də böyüklərimizlə dostuluğumuz önəmlidir. Həm də danışıqlar var. Yəni, hansı danışıqların üstündə şərtlərlə gəlmişik kimsə bilmir. Qayda pozulmayıb, qanunla necə olmalıdırsa, elədir. Mən qanunsuzluq etmirəm, necə olmalıdırsa, elədir. Biz uzağa getməyək, Türkiyənin özündə hansısa kanala çıxsan, sənə pul verəcəklər. Kimsə televiziyaya pulsuz reytinq verə bilməz. Bizdə jurnalistlər bir ara söz çıxardılar ki, müğənnilər bizsiz heç kimdir. Bu, düzgün yanaşma deyil. Hərənin öz peşəsi, əziyyəti var. Sənin verilişində filan müğənni olmasa, sən də lazımsız olarsan. Müğənni üçün də verilişə çıxmaq maraqlıdırsa, sən ona lazımsan. Bunlar bir-birini yuyan əllərdir. Biri digərini üstələməməlidir. Hər kəs bir-birinə hörmət etməlidir. Yoxdursa, hörmətsizliyi də bacarırıq. Axı heç kim qanunsuzluqla söhbətlər etmir. Nədirsə odur. Biz də belə edirik.
Bütün televiziyalardan təkliflər var. Dəyərləndirirəm. Demişəm ki, dostlarımın verilişlərinə zaman-zaman çıxaram. Söz verəndə üzərimdə yük qalır. Utanıram. Dostumun gözünə baxa bilmirəm. Kazım Sübhana yüz ildir söz vermişəm. Bu da olmur. Çörək kəsmişik, tədbirlərdə görüşürük. Bir-birimizin evində olmuşuq. Kimsə oturub orada “Natavan bəs nə oldu, efirə çıxdın”... - belə danışmasınlar, ancaq özünüzü güldürərsiniz. Siz məni tanıyırsınız, dediyim dedikdir. Həmişə dediyimizi etmişik.
Kiminsə verilişinə gedəndə əyri söhbətlər olmamalıdır. Biz göbələk deyilik, yerdən çıxmamışıq, əhatəmizdə böyümüşük, dostlarımız var. Münasibətləri belə davam etdirirəm. Çox da uzaq düşməmişəm. Uzaq düşmüşəmsə də, ailə ilə bağlıdır. Yoxsa kiminləsə qarşıdurma etmirəm ki, ora getmirəm, bura getmirəm və sairə. İndi o dalğada deyiləm. Bir az uzaqdayam. Nadir hallarda lazım olanda hansısa verilişə çıxa bilərəm. Danışmağa bir mövzum olanda dəvəti qəbul edərəm.
Baxıram bütün günü hamı danışır, hamı bir fikir sahibidir. Öz dünyasında birincidir, qanun yaradırlar. Barmaq göstərirlər, şou-biznesi idarə edirlər. Baxırsan ki, ya mən dəli olmuşam, ya da siz nə yeyib-içirsiniz? Yaxşı görünmür. 20 il bundan əvvəl olsaydı, deyərdik ki, uşaqlıq edirlər. Mən Vaqif Gərayzadəyə deyirdim ki, Vaqif müəllim, siz uşaq, gənc olmamısınız? Mənə deyirdi ki, qocalanda bu sözü xatırladaram. İndiki dövrə şit-şit mözvuları yaraşdırmıram. Nə özümə, nə ətrafıma, nə də musiqimizə. Bundan başlayaq. Mən özümü qatmıram. Çünki inşallah belə şeylər etmərəm. Olduğumuz yeri unuduruq. Biz mədəniyyəti təmsil edirik, cənablar. Amma qarğa bazarı yaradırlar. Hərə bir söz deyir, mahnı da demirəm, hərə bir səs çıxardır. Kimsə öskürür, kimsə asqırır, kimsə… Oxumaqdan başqa hər şey var. Hamı özündən qanun icad edir. Hamı böyükdür, “boss”dur. Elə bil lotuxanadır, hamı barmaq sallayır. Biz musiqimizi təmsil edirik. Elə biliriksə, bu gün ancaq biz özümüzü izləyirik. Bu, yanlışdır. Onda niyə qonşularımız ancaq bizim mahnılarımızı oxuyur? Niyə həmişə bizim musiqimizə əl atmaq istəyirlər? Çünki göz önündəyik. Nə qədər də özümüzü bəyənməsək, millət olaraq... Çünki həmişə deyirik ki, bu, qabağa gedə bilməz, ayağından dartaq, kimdi bizi dünyada təmsil edən. Ancaq özümüzü alçaldırıq, qabağa gedənin ayağından dartıb, gətirərik ki, yerin buradadır, özünə gəl. Dəstək vermək, dostluq etmək yoxdur. Ancaq sevinəsən ki, kimsə yıxıldı. Bəsdirin də. İş orasındadır ki, şərh yazanlar…
- Fikir vermişəm ki, müğənnilər daha çox buna görə hərəkət edirlər. Deyirlər, filan şey yazacaqlar, filan şeyi etməyim.
- Mən demədim ki, sən deyirsən... Deyənlər də kim? Başqa müğənnilərin işçiləri yazırlar ki, sən pis günə düşəsən. Bunu niyə anlamırsınız? Sənin haqqında fikir formalaşdırır ki, kompleksə düşüb, özündən gedəsən. Özlərini çox ağıllı sayırlar. 150 profil açırlar. Bunu da elə-belə demirəm. Bir dəfə bir müğənninin canlı yayımına girdik. Mən heç vaxt canlı yayım açmamışam, nə də canlı yayıma girməmişəm. Amma burada girdik. Orada bilmirdi ki, onu izləyirlər. Öz xalası qızlarından kimsə dedi ki, mən 150 profildən yazmışam. Bu sözü mən eşitdim. Oyun oynayırdılar, deyirdi ki, niyə mən udmadım. Bu da dedi ki, ağzını bağla, yəni yandırdın. Onda dedim ki, Aysu, gəl, bura, deməli, bunların hərəsi 150 profil açsa, nə oldu? Kütlə oldu. Bunu edənlər bizim mədəniyyətimizə təsadüfən düşənlərin ətrafıdır. Amma musiqidən, oxumaqdan xəbərləri olmayan insanlardan söhbət gedir. Halbuki bu gün trenddədirlər. İnsanlara siz bunu çatdırmalısınız ki, trend pulla alınan şeydir.
- Keyfiyyətli kontentin trendə düşməsində ilklərdən biri sizsiniz.
- Məndə olub. Bu söhbətlər “Qısqana-qısqana” mahnısından etibarən yaranıb. Çox şeyi açıqlamıram. Üstünə qoyub danışırlar ki, guya bunlar edib.
- Həm klip, həm mahnı, həm də pop ulduz kimi səhnədə duruşunuza, baxsaq, nümunəsiniz. İndiyə qədər yadıma gəlmir ki, keyfiyyətsiz mahnı təqdim edəsiniz. Başqa bir nüansa da mən diqqət etdim. Hazırda boşanan ailələrdə ana-ata öz eqolarına görə uşaqlara travma yaşadırlar. Uşaq ortalıqda qalır. Bu da sosial verilişlərə düşür.
- Bizdə də az qalmışdı... (gülür)
- Siz ayrılsanız da, bu normal münasibətləri qoruyub saxlaya bilmisiniz.
- İnşallah bunu hər zaman bacaracam. Onların bir-birinə sevgisini kimsə dana bilməz. Onları ayırmaq da günah olar. Mən Səidi (Dado) insan olaraq çox istəyirəm. Ona düşmənliyim, kinimin qalmağı mümkün deyil. Övladımın atasıdır. İstəsəm də, istəməsəm də, həyatımda hər zaman olacaq. Onları ayırmaq fikrində deyiləm. Bunlara düzgün baxmıram ki, valideynlər danışmırsa, uşaq da biri ilə danışmamalıdır. Əgər özləri bu münasibəti istəyirlərsə, qalacaq. Bilmirəm, Səidlə münasibətimiz necə olacaq. Amma Zeydə təsiri olmamalıdır, anlamamalıdır. Bəzən Səidlə danışanda deyir ki, o vaxt nəsə danışmışam, bunları sildirəcəm. Zeyd böyüyəcək, məni nə günə qoyacaq... Lazım olmayan şeylərdir, unudulur. Nəticədə ailə qalır. Bunlar hamının ailəsində olan şeylərdir. Elə bir ailə yoxdur ki, orada problem olmasın, boşanma olmasın. Bunun içindən düz, zərərsiz çıxmaq daha yaxşıdır. Nəinki uzadıb, əziyyət çəkmək, insanları iyrəndirmək. Çünki gənclər böyüyür. Nümunə kimi də yaxşı deyil. Bizim bu tərəfimizi də izləyirlər.
Biz görmüşük ki, dövlətimizdə gözəl ailələr var ki, boşanandan sonra yaxşı münasibət saxlayırlar. Mən normal yanaşıram. Saxta dramlar yaşanmamalıdır. Mənim “Saxta dram” mahnım var idi, oxudum, amma üzə çıxarmadım. Bu yaxınlarda Səidə oxudu. Adı oradan gəlir. Bizdəki dramlar hamısı saxta idi. O mahnının içində Səid də oxumalı idi. Səidənin albomunda gördüm. O mahnı mənim idi.
- Vaxt ayırdığınız üçün təşəkkür edirəm!
- Siz sağ olun. Xoş oldu. Mənim fevralın 18-i dinləyicilərimlə görüşüm var - “Hayal kahvesi”ndə... Yeniliklər olacaq. Hər kəsi ora dəvət edirəm. Müraciət etmədiyimiz mövzular olacaq. Artıq üçüncü üslubun erası başlayır.
Pərviz Hüseyn
FOTO/VİDEO: Soltan İbrahimov