Elif Şafak cəzalandırıldı

Elif Şafak cəzalandırıldı

İstanbuldakı Anadolu Birinci Fikir və Patent Hüquq Məhkəməsi Elif Şafakın "Bit sarayı" romanının Mine Kırıkkanatın "Milçək sarayı" romanından plagiat olduğuna dair hökm çıxarıb.

Məhkəmənin təyin etdiyi 3 nəfərdən ibarət mütəxəssislər heyəti 2002-ci ildə çap edilən "Bit sarayı" romanının 1990-cı ildə çap edilən "Milçək sarayı' romanından plagiat olduğunu 44 maddədən ibarət "Səbəblər" bölməsində  geniş şəkildə ifadə edib. Məhkəmənin hökmünün elan edilməsindən sonra ictimaiyyətə müraciət imzalayan bir qrup türk yazıçısı mübahisəli məsələlərin məhkəmələrdə yox, qələm sahiblərinin öz aralarında həll edilməsinin lüzumuna diqqəti cəlb edib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Turan" agentliyinə müasir türk nəsrinin dünya miqyasında tanınmış nümayəndəsi Mine Kırıkkanat açıqlama verib.

"İki alim oxucum Türkiyədə və dünyada FETÖ-nün dəstəyi ilə tanıdılan Elif Şafakın mənim romanımdan plagiat etməsinə dair xəbərdarlıq edənə qədər  onun heç bir romanını oxumamışdım. Ona görə məhkəmə iddiası qaldırmaqda gecikmişdim. Ancaq gecikməyim yaxşı oldu, çünki bu iddiamı FETÖ-nün Türk ədliyyəsinə hakim olduğu dönəmlərdə qaldırsaydım, FETÖ-çü hakimlər heç bir addım atmayacaqdı. Əslində 2002-ci ildə Elif Şafak-ın mənim kitabımdan hər şeyi oğurlaması onun arxasında duran FETÖ-nün o vaxtkı gücündən irəli gəlirdi. Mənim 189 səhifədən ibarət kitabımı söz yığınıyla böyüdərək 400 səhifəyə çatdırıb. Ancaq həqiqlətlər bir gün mütləq ortaya çıxır. Anadolu Birinci Fikir və Patent Hüquq Məhkəməsinin çıxardığı hökm appelyasiyadan sonra qətiləşsə, kitab bazarındakı "Bit sarayı"nın nəşrləri mağazalardan yığışdırılacaq, kitab yenidən nəşr edilə bilməyəcək və məhkəməni uduzan "Doğan Kitapçılık" nəşriyyatı ilə Elif Şafak ən yüksək tirajlı 3 qəzetdən birində məsrəfini özləri ödəyərək məhkəmənin çıxardığı plagiat hökmünü çap etdirmək məcburiyyətində qalacaqlar. Bundan başqa mənə mənəvi təzminat ödyəcəklər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun