“Əxlaqsızlığı reklam etmək olmaz!”

“Əxlaqsızlığı reklam etmək olmaz!”

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ildə arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq müxtəlif kişilərlə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib.

Xəyanətdən sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində müğənnini öldürüb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, sözügedən məhkəmə iclası açıq keçirilib və orada səsləndirilən iddiaların mətbuatda yayılması qanunsuz deyil:

"Əgər məhkəmə iclası qapalı keçirilirsə, orada deyilən hər hansı fikrin, çıxışların mətbuatda yayılması qanunsuzdur. Qətlə yetirilən müğənni Yaqut Həşimovanın məhkəmə iclası açıq olub. Bu isə o deməkdir ki, istənilən media nümayəndəsi gəlib məhkəməni izləyə bilər və oradan qeydiyyat götürə bilər. Bu, dünya praktikasında da belədir və burada qanunsuz heç nə yoxdur".

Məsələyə psixoloji tərəfdən yanaşan hüquqşünas qeyd edib ki, bu cür amansız qətllərin tez-tez TV-lərdə göstərilməsinin nəticəsi ağır ola bilər. Onun sözlərinə görə, bir müddət sonra cəmiyyət belə neqativ hadisələri normal qəbul edəcək:

"O ki, qaldı bu cür materialların cəmiyyətə təsir etməsinə, əlbəttə ki, bu tip xəbərlər təsirsiz ötüşmür. Psixologiyanın bəzi qolları haqda təhsilim də var və bu məsələdən başı çıxan adam kimi deyə bilərəm ki, əgər bir hadisə, mövzu cəmiyyətdə tez-tez danışılırsa, göstərilirsə, o artıq normaya çevrilir.

Məsələn, Skandinaviya ölkələrinin insanları hündür boylu olurlar, onlar üçün olan boy norması Azərbaycana aid ola bilməz. Bizdə kişilər üçün 1.70-1.85 santimetrə qədərdir, qadınlar üçün 1.60-1.70-ə qədərdirsə, Skandinaviyada orta boy 1.80 santimetrdən başlayır. Çünki onlarda çoxluq bu cürdür, çoxluq nədirsə, norma da odur.

Əgər biz bu cür qətl hadisələrini istər mediada, istər əhali arasında tez-tez göstəririksə, danışırıqsa, bu o deməkdir ki, belə hadisələr tez-tez təkrar olunacaq və bu normaya çevriləcək. Artıq bir müddət sonra insanlar şüuraltı olaraq bunu norma kimi qəbul edəcəklər və bu hadisələri törədənlərə təəccüblənməyəcəklər, düşünəcəklər ki, burada heç nə yoxdur, onsuz da hamı edir.

Biz bunun qarşısını almalıyıq. Xüsusilə amansız qətl hadisələrinin, əxlaqsızlıq nümunələrinin, cəmiyyətə yalnız zərəri olacaq hadisələrin "reklamını" etmək olmaz! Unutmayın ki, antireklam özü də bir reklamdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun