Xəbər verdiyimiz kimi, Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova həbs edilib.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı N.Həsənovanın vəkili İlqar Rüstəmov Axşam.az-a açıqlama verib. O bildirib ki, N.Həsənovanın işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklər:
"Nigar Həsənova ilə bağlı cinayət məcəlləsinin 178.3.2 madəsi ilə cinayət işi başladılıb və həmin maddə ilə ittiham verilib. Əvvəllər barəsində həmin maddə üzrə qətimkan tədbiri qismində həbs edilməsi üçün Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinə müraciətlər edilib. Lakin hər iki məhkəmə həbsi seçmirdi. Sonradan istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən vəsatətlə bağlı Şəhər Prokurorluğuna və Xətai Rayon Məhkəməsinə həbsin seçilməsi üçün təqdimatla müraciət olunub. Xətai Rayon Məhkəməsi tərəfindən həbs qərarı verilib. Lakin buna baxmayaraq, biz hesab edirik ki, Nigar Həsənovanın cinayət tərkibi yoxdur. Bu, mülkü borc məsələsidir. Faiz müqabilində yığılan borcdur. Bununla bağlı tərəfimizdən apellyasiya şikayəti veriləcək".
Vəkil bildirib ki, ailə N.Həsənovanın işində mərhum Xalq artisti İlhamə Quliyevanın adının hallandırılmasından narahatdır:
"Zərərçəkmiş şəxslərdən bəziləri Nigar Həsənovanı mərhum Xalq artisi İlhamə Quliyeva ilə əlaqələndirib məsələni yayıblar. Onların qohumluq əlaqəsi ola bilər. Amma bunun İlhamə Quliyevaya aiddiyatı yoxdur. Məqsədli şəkildə edilir. Bununla bağlı ailə məhkəməyə müraciət edəcək".
Vəkil məbləğin 811 min manatdan çox göstərilməsinin düzgün olmadığını deyib:
"Nigarın əməlində cinayət tərkibi yoxdur, mülkü məsələdir. Şikayət edən bir neçə nəfərdir. Müəyyən məbləğdə faizlə, yəni sələmə pul götürülüb və məbləğ şişib. Nigar həm faizi, həm də borcun bir hissəsini qaytarıb. Bizdəki həbs qərarı ilə bağlı sənəddə məbləğ o qədər göstərilməyib. Cinayət işi məxfi olduğu üçün məlumatı verə bilmirik".
İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva isə məsələ ilə bağlı suallarımıza "Nigar iki gündür həbs edilib. Bizi İlhamə Quliyevanın adı ilə vurdular. Apellyasiya şikayəti verəcəyik. Ona görə də mən danışa bilmirəm" sözlərini deyib.
Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
Milli.Az
















