Məşhur xanəndə Zaurun qalmaqallarına görə 4 aydır EFİRƏ ÇIXMIR

Məşhur xanəndə Zaurun qalmaqallarına görə 4 aydır EFİRƏ ÇIXMIR

Əməkdar artist Babək Niftəliyev "Rəngarəng" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, xanəndə son 4 ayda efirlərdə az görünməsinin səbəbini açıqlayıb və bəzi qalmaqallara münasibət bildirib.

Sənətçi qeyd edib ki, aparıcı Zaur Nəbioğlu ətrafında yaranan müzakirələrə görə efirlərə çıxmaq istəmir:

"Xalqın içindəyik. Bəzi hallarda deyirlər ki, Zaur filankəslə niyə belə etdi, yaxşı oğlan deyil və s. Mən deyirəm ki, siz onunla bir süfrədə oturmamısınız, yaxından tanımırsınız. Real həyatda yaxşı insandır, həm də gözəl aparıcıdır".

Babək Niftəliyev bildirib ki, bəzi qalmaqalları bu veriliş yaradır və digər aparıcılar da eyni müzakirələrin arxasınca gedir:

"Zaur bəzən qalmaqal yaradır, bir çox aparıcı da o mövzunun ardınca düşür. Ona görə də belə vaxtlarda efirə getmirəm. Sakitlik olsun, sonra çıxım. Tamaşaçılar az görünməyimdən şikayət edir, amma səbəb budur".

Xanəndə vurğulayıb ki, indiyədək adı heç bir qalmaqalda hallanmayıb:

"Mən həmişə sənətimlə gündəmə gəlmişəm. Kimi kiməsə söz atır, kimisi saç yolur - baxıram, ürəyim ağlayır. Mədəniyyətimiz, musiqimiz niyə bu günə düşməlidir? Bəzi aparıcıları qınayıram".

Onun bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin mövqeyini dəstəkləyiblər.

Musa
Milli.Az