Zaur efirdən GEDİR: “Nöqtəni qoyub gedəcəyəm”

Zaur efirdən GEDİR: “Nöqtəni qoyub gedəcəyəm”

Aparıcı Zaur Baxşəliyev səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, aparıcısı olduğu "Bizimləsən" verilişində efir həyatından yorulduğunu etiraf edib.

Canlı yayım zamanı səmimi danışan aparıcı artıq uzun illərdir davam edən gərgin tempin və psixoloji yükün onu yorduğunu bildirib:

"Həqiqətən artıq yoruluram. Bu qədər əsəb-stress çəkmək çox çətindir. Bir gün bir yerdə nöqtəni qoyub çıxıb gedəcəyəm. İnanın ki, artıq səbrim çatmır".

Zaur Baxşəliyev onu tənqid və ya təhqirlərin əsəbiləşdirmədiyini də xüsusi vurğulayıb: "Mənə kimin isə tənqidi, təhqiri qətiyyən təsir etmir, o şeylərə çox dözümlüyəm. Amma insan ümumi gərginlikdən yorulur".

Aparıcının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onu dəstəkləyərək çətin sosial mövzularla işləməyin ağır olduğunu qeyd edib, digərləri isə verilişin davam edib-etməyəcəyi ilə bağlı suallar ünvanlayıblar.

Musa
Milli.Az