Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.
OLAY yazır ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir.
Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaşarası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.
Bildirilib ki, müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunur.
Sonra Leyla Əliyeva "Mother Teresa" Universitet Xəstəxana Mərkəzi ilə tanış olub.
Diqqətə çatdırılıb ki, Mərkəz bütün Albaniyada, o cümlədən Tiranada əsas dövlət universitet xəstəxanasıdır. Burada xəstələrə ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə olunmaqla yüksəksəviyyəli tibbi xidmətlər göstərilir.
Qeyd olunub ki, ölkənin əsas onkoloji xidməti burada cəmlənərək, xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim edilir.
Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.
























