Yarıçılpaq videolarını paylaşan bloqer cəzalandırıldı - Yeni maddə ilə

Yarıçılpaq videolarını paylaşan bloqer cəzalandırıldı - Yeni maddə ilə

Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən bloger məsuliyyətə cəlb edilib.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, 1995-ci il təvəllüdlü Z.Kərimovanın instaqram hesabında ictimai mənəviyyata zidd hərəkətlər etməsi müəyyən olunub.

Belə ki, onun instaqramda 150 min nəfər izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Onun hər hansı bədən geyimini təbliğ etmək məqsədi olmayıb. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən, 68.000 istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub.

Faktla bağlı olaraq Z.Kərimova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.

O, izahatında bildirib ki, qadın cazibəsini nümayiş etdirmək məqsədilə bu kimi videolar çəkərək paylaşıb.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə bloger 750 manat cərimə olunub.

Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.