“Burada intim səhnələr yox idi, var idisə də çox dadlı və ləzzətli idi”- Səs-küy yaradan “Qadınım”-ın qəhrəmanları- FOTOlar

“Burada intim səhnələr yox idi, var idisə də çox dadlı və ləzzətli idi”- Səs-küy yaradan “Qadınım”-ın qəhrəmanları- FOTOlar

"Bizim teatrın repertuarında "Mənim günahım" tamaşası var idi. Biz qərara gəldik ki, bu tamaşanı oynayaq. Oradakı qəhrəman Əmrah Dadaşova çox bənzəyirdi. Baxmayaraq ki, qadın qəhrəman heç mənə uyğun deyildi. Biz bu haqda direktorumuz, çox hörmətli Əliqismət Lalayevə deyəndə, o dərhal dedi ki, "əlbəttə olar, gedin rejissorla danışın, əgər o da icazə verirsə, uyğun görürsə, oynayın. Biz bu haqda gəlib İradə xanıma dedik. Rejissor dedi ki, biz niyə köhnə əsər işləyək ki?! Zatən bu əsər repertuarda var. Bir neçə əsər təqdim etdi. Əsərlər sırasında Tuncər Çücənoğlunun "Matroşka" da var idi. Bu müzakirədə mənim həyat yoldaşım Hüseyn Əlili də iştirak edirdi. Birinci elə onun təşəbbüsü ilə qərara gəldik ki, "Matroşka"-nın motivləri əsasında "Qadınım" tamaşasını səhnələşdirək"

"Hüseyn bilirdi ki, Əmrahla tərəf müqabili olacam. Biz çox yaxın ailə dostuyuq. Hətta deyərdim ki, o bizim ailəmizin bir üzvüdür. Ailə həyatı qurandan sonra onun xanımı da bizim doğmamıza çevrildi. İlk mən Əmrahla dost olmuşam, sonra da Hüseyn. "Qadınım" tamaşasının teatrda 1 ildən çox məşqi getdi. Əsər hazırlandı, təqdim olundu. Tamaşanı izləyənlər bildi ki, bu nə qədər dərin mənalı, yüklü əsərdir. Bu tamaşanı oynamağa qərar verəndə bilirdim ki, bəyənənlər kimi bəyənməyənlər də olacaq. Hətta bilirdim ki, bəyənməyənlər daha çox olacaq. Özünü səhnədə görənlər, əlbəttə bunu bəyənməyəcəklər. Ayıblarına kor olacaqlar deyə düşünürdüm. Əsərdə mənim elə öz həyatımdan da bir hissə var, nəinki izləyənlərin. Elə məqamlar var ki, mən orada sırf öz həyatımı düşünmüşəm. Əlbəttə ki, xarakter baxımından nəzərdə tuturam. Düşünürəm ki, mən də, tərəf müqabilim də rolumuzun öhədinsən uğurla gəlmişik. Bu sözü o vaxt deməyə hazır oldum ki, tamaşa haqda peşəkarlardan rəy aldım. Xalq artisti Afaq Bəşirqızı çətinliklə də olsa səhnə arxasına keçib, "sənətkar adı sizə halal olsun", "qarşınızda baş əyirəm" dedi. Bundan böyük nə uğur, nə şərəf, nə yüksəklik, ucalıq?! Sonra mənə çox böyük, maddi dəyəri yüksək olan sırğa hədiyyə etdi. Xalq artisti, rəqs kraliçamız Təranə Muradova da bizə xoş sözlər dedi. O tamaşanın daxili baxışına da gəlmişdi. Aktrisa Zemfira Əbdülsəmədova tamaşa haqda o qədər dəqiq analizlər etdi ki. Nazirlik əməkdaşları da həmçinin. Aparıcılar Saleh Bağırov, həyat yoldaşı, Rövşanə Bektaşi, jurnalist Afaq Vasifqızı və s. insanlar tamaşa haqda ürək sözlərini dedilər. Adi tamaşaçılar mənə xoş mesajlar yazırdılar. Tamaşanın premyerasına anşlaqla bilet satılmışdı. Bu hər dəfə təkrarlanan hadisə deyildi" deyə aktrisa bildirib.
Gültac Əlili bildirib ki, tamaşanı bəyənənlər kimi bəyənməyənlərin də olması normal haldır. Amma qərəzli ifadələrin heç birini qəbul etmir.
 
"Bəyənməyənlər bineyi qədimdən olub. Onlar bizim əfsanəvi sənətkarlarımızı da bəyənməyiblər. Onların da oyunu haqda yazıblar. Biz bütün tamaşaçıların fikrinə hörmətlə yanaşırıq. Əlbəttə ki, teatrşünasların da, mədəniyyət yazarlarının da. Düşünürəm ki, mənim də, rejissorumuz İradə Gözəlovanın da, tərəf müqabilimin də onların bütün iradlarına verməyə cavabı var. Bu məqamda qeyd etmək istəyirəm ki, teatrımızda klassik əsərlər, klassik liberettolar, görkəmli müəlliflərin operettaları nümayiş olunur. Mən düşünürəm ki, bura Akademik Musiqili Teatr olduğu üçün bu cür əsərlər də teatrımızın səhnəsində olmalıdır. Nəzərə alsaq ki, bu gün bizim insanlarımız gündəm, trend, birinci olmağı daha üstün tuturlar, niyə də bizim teatrımız gündəmdə olmasın?! Niyə bizim teatrımız birinci olmasın?! Bir məqamı da qeyd etmək istəyirəm ki, bizim tamaşada +18 yazılıb. Tamaşaçılar arasında bəziləri "+18 yazılıb, biz heç nə görmədik" deyənlər də oldu. Hətta tamaşanın afişasına baxıb, tamaşanı görməmiş, tamaşa haqqında ağzına gələnləri yazanlar da oldu. Biz +18-i ona görə yazmışdıq ki, yəni 18 yaşdan yuxarı insanlara tamaşaya baxmağı tövsiyyə edirik. Çünki tamaşada uşaq psixologiyasının qəbul edə bilməyəcəyi məqamlar var. O ki, qaldı bizim bəzi jurnalistlərimizin yazdığı "intim səhnələrə".. Belə bir şeylər yox idi, əgər var idisə də çox dadlı və ləzzətli idi. Nəzərə alsaq ki, biz bundan öncə Akademik Milli Dram teatrının səhnəsində "Qatil" tamaşası izləmişik. Aktyorlarımız mükəmməl oyun sərgiləyiblər. Daha sonra filmlərimiz də var. "Təhminə və Zaur" filmində niyə sterotiplər sınmalıdır teatrda yox?! Mədəniyyət Nazirliyin dəstəyi ilə "İlahi məxluq" adlı bir film çəkilmişdi. Orada bizim aktyorlarımız bu cür səhnələr ifa etmişdilər. Düşünürəm ki, bunlar normaldır. Bəyənən də sağ olsun, bəyənməyən də. Biz işimizin başındayıq. Əsas odur bizim karvanımız getsin. Hər kəsə uğur diləyirəm, gözəllik arzulayıram. Gözəl baxsaq, gözəl görəcəyik. Pis baxsaq əlbəttə ki, pis görəcəyik. Biz görmək istədiyimizi görürük. Bir məqamı da vurğulayım. Bir tənqidçi yazmışdı ki, tamaşa ilə musiqilərin ümumiyyətlə əlaqəsi yoxdur. Adını xatırlamıram kimdir, amma mən sizin saytınız vasitəsilə ona demək istəyirəmki, tamaşanın ən gözəl məqamı elə musiqiləri idi. Bu qədər qəddar olmaq, sifarişli yazdığınızı bu qədər bəlli etməyə gərək yox idi. Xüsusilə o cümlə sizin sifarişli yazmağınızın xəbərçisi idi deyə düşünürəm" deyə aktrisa bildirib.
 
Milli.Az moderator.az-a istinadən bildirir ki, aktyor Əmrah Dadaşov da tamaşa ilə bağlı fikirlərini bölüşüb.

" "Qadınım" fərqli bir tamaşadır. Mənə elə gəlir ki, bu günə qədər belə bir tamaşa oynanılmayıb. Sırf retro türk musiqiləri ilə. Özü də canlı ifalar.. Mənimlə Gültac xanım 1 saat yarım olan tamaşanın bütün ağırlığını çiyinlərimizdə daşıdıq. Bizdən başqa 3-cü bir obraz da var idi, amma əsas ağırlıq bizə düşmüşdü. Bir səhnəni iki nəfərlə doldurmaq hər aktyorun bacaracağı iş deyil. Biz buna çalışdıq ki, səhnəni doldura bilək və tamaşaçılar intizarda olub, hadisələrin gedişatını gözləsin və vaxtın necə gəlib keçdiyini hiss etməsin. Şükür ki, belə də oldu. Rejissorumuz İradə xanımın da, bizim də əsas məqsədimiz bu idi. Bu gün tamaşanın mövzusu da aktualdır. Evli kişinin xoşbəxtliyini kənarda axtarması, bəlkə də elə onun xoşbəxtliyi evin içindədir, sadəcə görmür. Subay qızın evli kişiyə aşiq olması da cəmiyyət tərəfindən qınanılan bir mövzudur. Sevgi elə bir şeydir ki, bu evliyə, subaya baxmır. Biz tamaşa vasitəsilə nəyin necə doğru olduğunu göstərmək istəmişdik. Tərəf müqabilim Gültac Əlili ilə yaxın dost, bacı-qardaş olmağımıza baxmayaraq bunu kənara qoyub, səhnədə bir-birimizi həqiqətən də sevən insan obrazlarını canlandıra bildik. Məncə o sevgini bir-birimizə verə bildik. Yaxşı bir tamaşa olduğuna əminəm. Belə olmasaydı bu cür səs-küyə səbəb olmazdı. Tənqid yazanlar da, qınayanlar da var. Bu gün həyatın reallığı budur və həyatın reallıqlarını səhnəyə gətirmək lazımdır. Biz də buna çalışırıq" deyə aktyor bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun