Mərhum Əməkdar artist Səməndər Rzayevin qızı Rübabə Səməndər atası ilə bağlı yanlış məlumatlar paylaşanlara qəzəblənib.
OLAY yazır ki, sənətçinin qızı bununla bağlı feysbukda paylaşım edib. O, sosial şəbəkələrdə atasının məzarının baxımsız olması ilə bağlı yazılanlara reaksiya verib:
“Allah bəlasını versin bunu düzəldib paylaşanların. Bu qədər şərəfsizlik olmaz. Saytlardan Yasamal qəbiristanlığından reportaj hazırlamışdı. Atamın məzarının montaj olunmuş fotosunu da manşetə çıxarmışdı. Baş redaktora zəng vurub iradımı bildirdim. Guya fotonu yazıdan götürdülər. İndi bilirəm ki, sən demə, belə bir iyrənc çarx düzəldib TikTok-da paylaşıblar. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mən yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda. Bəlkə o zaman insafları qımıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb İnsan olsun. Sadəcə Allaha tapşırıram belələrini”.
Daha sonra qəbirstanlıqdan foto paylaşan R. Səməndər bunları bildirib:
“Budu ailəmin məzarı. Görün burada baxımsızlıqdan əsər- əlamət varmı? Allah atamın haqqında olmayan əhvalatlar, səviyyəsiz lətifələr uydurub yayımlayanların, ruhunu incidənlərin bəlasını versin”.