“Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq, istedadı, səsi olmayan müğənniləri dəvət edirlər”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə sosial media hesabında yazıb.
Aparıcı televiziya ilə bağlı gedən müzakirələrə münasibət bildirib:
“Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır, ki, daha çox qalmaqal yaransın. Mən 43 ildir televiziyada çalışmışam, indiki durum heç vaxt olmayıb. Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır. Həmişə demişəm, indi də deyirəm, televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində itkidir. Ölkədə maariflənməyə məsul olan hər kəs, xüsusən media rəhbərləri, bunun məsuliyyətini ciddi düşünməlidir. Bəzən, tamaşaçılar, 30-40 il əvvəl çəkilmiş verilişlərin videosunu heyranlıqla izləyirlər. Bəs indi bəzi kanallar 30-40 il sonra nə yaratmışdıq, nə ilə yadda qaldıq-deyəcəklər? Cəmiyyətin zövqü təsadüfi formalaşmır; onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar. Ekran gələcəyin güzgüsüdür - orada nə göstəririksə, sabah onu yaşayacağıq”.
















