"Bu hadisə başıma gələndən sonra bildim ki, incəsənət sahəsində mənim dostum yoxdur. Onsuz da barmaqla sayılacaq qədər var idi, indi demək olar ki, o da yoxdur. Çox adamlar üçün danışmışam, çox adamlara görə üz-göz olmuşam. Amma bir adam çıxıb məni müdafiə etmədi, tərəfimdə dayanmadı. Düzdür, bir-iki nəfər danışdı, yazdı, amma onunla nə olacaqdı ki?"
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni, meyxanaçı Samirə Yusifqızı deyib.
O, daha sonra əlavə edib:
"Mətanət Əsədovanı məhkəməyə vermişik. Şəxsən qızım Fərəh verib. Nəvəm stres yaşayır, utandığından məktəbə getmir. Məktəbə gedən kimi danışırlar ki, anan üçün belə deyirlər, elə deyirlər. Mənim nəvəmi stresə salıb. Qızım övlad böyüdür. Anadır. Mətanət, sən mənim nəvəmə, qızıma travma yaşatmısan, bunu sənə keçmirik! Qızım bölməyə müraciət edib. Necə lazımdırsa, ölçü götürüləcək. Bizə heç təzminat da lazım deyil, istəmirik də. Sadəcə çıxıb efirdə etiraf etməli və deməlidir ki, səhv etmişəm".
Müğənni bildirib ki, bundan sonra efirlərə çıxmaq niyyətində deyil:
"Bunlara bir hay lazım idi. Mən heç belə bilməzdim. Samirə Yusifqızının sənətdə bu illər ərzində gördüyü işlər, etdiyi yaxşılıqlar, "Qızıl Fond"da olan ifaları nə tez yaddan çıxdı?! Övladımın məclisdə 3-4 nəfərə dediyi sözü ictimailləşdirdilər. İndi də deyirlər ki, sizi efirlərə qoymayacağıq. Heç lazım da deyil. Çağırsanız da gəlməyəcəyik. Bu saat bütün efirlərə nifrət edirəm".
Qeyd edək ki, Mətanət Əsədova "Tarixin bir günü" verilişində müğənni Fərəhi sərt tənqid edib və onu tərbiyəsiz adlandırıb.
Xatırladaq ki, müğənni Fərəh Samirəqızı ötən həftə saxlanılıb. Buna səbəb onun sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətməsi olub.
Milli.Az
















