Qalmaqallı videodan sonra Hadisə geriyə addım atdı

Qalmaqallı videodan sonra Hadisə geriyə addım atdı

Məşhur müğənni Hadisənin UNICEF üçün hazırladığı Ramazan videosu Türkiyədə böyük etiraza səbəb olub. Videoda Türkiyənin Qəzza, Sudan və Afrika kimi dərin böhran bölgələri ilə eyni tərəziyə qoyularaq "yardıma möhtac" ölkələr arasında göstərilməsi müğənnini tənqid hədəfinə çevirib. Hadisə yaranan qalmaqaldan sonra qurumla bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Hadisə UNICEF üçün hazırlanan videoda Türkiyəni müharibə və krizis bölgələri ilə eyni kateqoriyada təqdim edib. Bu isə Türkiyənin beynəlxalq arenadakı "yardım edən ölkə" profilinə zərər vurduğu üçün sosial mediada sərt qarşılanıb.

Müğənni bildirib ki, videoda istifadə olunan mətn ona birbaşa UNICEF tərəfindən göndərilib və onun məqsədi sadəcə "Ramazanda yaxşılığı böyütmək" olub.

Hadisə gələcəkdə yardım kampaniyalarında daha həssas davranacağını, lakin artıq UNICEF ilə heç bir bağının qalmadığını rəsmən elan edib.

Müğənni verdiyi geniş açıqlamada vətənpərvərliyini vurğulayaraq bunları deyib:

"22 yaşımda Avroviziyada ölkəmi təmsil etdiyim gündən bəri hər platformada Türkiyəni qürurla müdafiə etmişəm. Türkiyə dövləti və milləti ilə güclü bir ölkədir, dünyanın hər yerinə yardım aparır. Ramazan ayında hər kəsi nifrət dolu cümlələrdən və qütbləşmədən uzaq durmağa çağırıram."

Hadisə bundan sonra uşaqlara göstərəcəyi dəstəyi hər hansı qurumdan asılı olmayaraq, tamamilə müstəqil şəkildə davam etdirəcəyini bildirib.

Lalə Qüdrətova
Milli.Az