"Müharibədən sonra mülkü vətəndaş kimi Ağdama gedən mən və həmkarım Mənsum İbrahimov olub. Atamın dəfn olunduğu Sağcalı qəbiristanlığının yanından keçəndə artıq dözə bilmədim. Necə hıçqırtı ilə ağlamışdımsa, bir ay səsim açılmadı. Ağdamın Ağdamkənd kəndinə getdim. Təsəvvür edin ki, o illərin yağışı və küləyi ora gedən yolu elə edib ki, sanki heç o yol olmayıb. Mənfur düşmən izimizi silib. Ağdamda sağlam daş belə yoxdur. Metal deyilən bir şey yox idi. Ağdamı elə-belə Qafqazın Xirosiması adlandırmayıblar".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi ata ocağı olan Ağdama səfərindən söz açıb:
"Biz Ağdama gedib isti ocağımızı tapmasaq da, amma yurdumuza, obamıza qovuşduq. Əvvəllər sual verəndə ki, Qarabağa getsəydiniz nə edərdiniz? Cavab verirdim ki, "Qarabağ şikəstəsini" ifa edərəm. O torpağın acısını hiss etdikcə deyirdim ki, bəlkə də səsim batar oxuya bilmərəm. Həqiqətən də belə oldu, səsim batdı oxuya bilmədim. Mənsum müəllim mənə biraz təskinlik verdi. Ağdamda teatrın sökülmüş yeri var, orada onunla bərabər Qarabağ mahnısını oxuduq. O biraz məni özümə gətirdi. Zülmlə, birtəhər oxudum".
Atasını 14 yaşında itirən xanəndə onun verdiyi öyüd-nəsiyyətə bu gün də əməl etdiyini bildirib:
"Biz dörd övladıq. Bir mən və üç bacım. Anam bizi şərəflə böyütdü. İnsan ailədə əziyyət çəkər. Biz əziyyət çəkdik. Övlad görür ki, onun valideyni əziyyət çəkir, artıq o da o əziyyətə qatlaşır. Əziyyətsiz nə əldə olursa, onu qoruyub saxlamaq çətindir.
Atam hansı qadağaları mənə qoyubsa, günü bu gün də onları etmirəm. Uşaq vaxtı atam mənə deyirdi ki, içki içsən, səni, siqaret çəksən, özümü öldürəcəyəm. Uşaq vaxtı düşünürdüm ki, siqaret çəkərəm atam özünü öldürər. Psixoloji təzyiq... Həqiqətəndə mən siqaretdən uzağam.
Dostlarım məni bara dəvət edəndə və mən ora gedəndə atamı düşünürdüm ki, mən şəhid oğluyam, ailəmizi, bacılarımı düşünürdüm..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun