Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosova və qızı Mələksima OLAY-ın kamerası qarşısına keçib.
Onlar ötən günlərdə baş tutan "Apatiya" filminin qalasında suallarımızı cavablandırıblar. Ekran işindəki obrazından danışan Tosova deyib ki, onun da üzərinə çox yük düşüb:
"Çox ağır süjetli filmdir. Getdikcə ağırlaşan bir süjeti var. Mənim rolumda hamının obrazı kimi çox ağır yüklüdür. Həyatın dibidir. Personajlar çox realdır. Özümü şanslı sayıram ki, Hikmətin filmində rol almışam. Aktyor olduğuna görə aktyoru canı ilə hiss edir, onunla işləmək çox rahatdır. Ssenarini oxuyanda ətim ürpəşdi. Dedim, mənə çətin gəlir. Çox talehsiz, görünüşü düşmüş bir kənd qadını idi. Fikirləşdim ki, bunu necə edərəm? Dedi ki, edərsiniz. Qrim çox yaxşı idi. Mən gələn kimi, saçlarımı ağartdılar, hətta əlimin üstündə belə qrim var idi ki, kənd qadınına oxşayım. O qədər hadisəni bir otağa sığışdırmışdı. Obrazım baş verənlərdən sona qədər xəbərsiz olur. Ona görə bir az təlaşlı idi. Mən bilirəm ki, filmi birmənalı qarşılamayacaqlar. Ona süjet kimi baxmaq da çətindir. Yazmışdım ki həqiqətin gözünə dik baxanlar izləməyə gəlsin. Hikmətin rejissor işi də bu baxımdan çox itidir. Bunu göstərmək, hətta filmə baxmaq da cəsarətdir".
Sənətçi həmçinin bildirib ki, bu layihədə rəssam, aktrisa qızı Mələksima Məmmədova ilə birgə çalışıb:
"Qızım filmin rəssamıdır, Ayşad da (Həyat yoldaşı, Əməkdar artist Ayşad Məmmədov - red.) bizə dəstək üçün gəlib. Həmişə biz ona dəstək oluruq, bu dəfə də o bizə. Qızım obrazımı bilir. Ayşada da az-az bəhs etmişəm. Demişəm ki, kiçik obrazdır, amma işi çətindir".
Mələksima isə bildirib ki, ekran işinin komandasına təsadüfi daxil olub:
"Filmə təsadüfi gəlmişəm. Rəssam kimi ilk işim idi, daha əvvəl aktrisa kimi işlərim var idi. Bu da mənim aruzladığım iş idi, göydən düşmə oldu. Hikmət kimi bir rejissorla işlədiyim, bu qədər peşəkar komanda ilə çalışdığım üçün çox şanslıyam. Gördüyüm rəssamlıq işi, geyimlər, çox dramatik idi. Adam o auraya düşürdü. Ümid edirəm ki, bundan sonra da Hikmətlə çalışaram".
Anası ilə bir setdə olmağın çətinliyindən bəhs edən Mələksima onu ən çox təsirləndirən obrazdan da söz açıb:
"O qədər də yaxşı deyil. Anamız bizə qarşı qayığılı olur. Buna görə setdə professionallıq bəzi hallarda itir. Bəzən ona izah edirdim ki, burada sən aktrisasan, mən rəssamam. Mən sənin qızın, sən də mənim anam deyilsən. Rəssam kimi işdə çox çalışrısan, ora qaçırsan, bura qaçırsan. Anan da deyir ki, can yazıq uşağımı işlədirlər. Məncə, ailə ilə işləmək o qədər də yaxşı deyil, məsləhətli deyil. Məni ən çox təsirləndirən Şəhla xanımın obrazı idi. Mükəmməl aktrisalıq performansı var idi. Mənim tüklərim biz-biz olurdu. Çox güclü aktrisadır. Rolunun öhdəsindən gözəl gəldi. Digərləri də öz rolunu mükəmməl şəkildə oynayıb. Amma mən Şəhla xanım deyirəm".
Sonda gənc sənətçi qala gecəsinə necə hazırlaşmasından söz açıb:
"Bir rəssam olduğum üçün həmişə tərzim fərqlənir. Bugünkü geyimimi bir ay əvvəldən düşünmüşdüm. Hazırlaşdım gəldim. Anam həmişə deyir ki, elə geyin, baş rol aktrisasından üstün görünməyəsən. Amma mən sadə geyinə bilmirəm. Həmişə deyirəm ki, sadə geyinməyəcəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun