Rusiyanın Xalq artisti Filipp Kirkorovun paytaxtdakı daşınmaz əmlakları ilə bağlı borc məsələsi gündəmə gəlib.
Milli.Az xəbər verir ki, müğənninin kommunal xidmətlər üzrə ümumi borcu yarım milyon rubldan çoxdur.
"SHOT" teleqram kanalının yaydığı xəbərdə bildirilir ki, sənətçi ötən ildən bəri Moskvada yerləşən bahalı mənzillərinə görə ödənişləri vaxtında etməyib. Onun paytaxtın mərkəzində ümumi dəyəri 1,3 milyard rublu keçən səkkiz mənzilə sahib olduğu qeyd olunur.
Əmlakların üçü Arbat ətrafında, Filippovski dalanında yerləşir və ümumi dəyəri 1,15 milyard rubl təşkil edir. Buraya sahəsi 537 kvadratmetr olan və 650 milyon rubl qiymətləndirilən penthaus, eləcə də birinci mərtəbədə yerləşən, sahələri 209 və 190 kvadratmetr olan iki bitişik mənzil daxildir. Həmin ünvanda sənətçiyə məxsus ümumi dəyəri 20 milyon rubl olan iki avtomobil dayanacağı yeri də var. Bu obyektlər üzrə yığılan kommunal borcun 456 min rubl olduğu bildirilir.
Müğənninin daha beş mənzili isə paytaxtın Taqanski rayonunda, Zemlyanoy Val küçəsində yerləşir. Ümumi dəyəri 180 milyon rubl olan bu əmlakların bir hissəsi birləşdirilərək daha geniş mənzillərə çevrilib. Həmin ünvan üzrə kommunal xidmətlərə görə 65 min rubl borc formalaşıb.
Beləliklə, lüks daşınmaz əmlaklara sahib olan sənətçinin ümumi kommunal borcu 500 min rubldan artıq məbləğə çatıb.
Musa
Milli.Az
















