“Nəsibə xanım mənə sillə vurub dedi ki, bu tərbiyəsizliyi kimdən öyrənmisən, dedim ki, səndən" - FOTO

“Nəsibə xanım mənə sillə vurub dedi ki, bu tərbiyəsizliyi kimdən öyrənmisən, dedim ki, səndən" - FOTO

"Nəsibə xanım bu sənətə gəlməyimi istəmirdi. Çox qarşı durdu, hətta məndən incidi, küsdü ki, sözümə baxmırsan. İllər sonra ona sual verdim ki, ana, məndən utanmırsan?! Hamı məni tanıyır, hörmət edir, sevir! Dedi ki, "utanmıram, amma yenə də nigaranam səndən". O bilirdi ki, sənət ağır yerdir. "Mən övladımın əziyyət çəkməsini istəmirəm" deyirdi. Nəsibə xanımın Nəsibə xanım olması üçün nə qədər illər lazım olub. Bir şəkil var, mən anamın həyatını ona bənzədirəm. Bəlkə də siz də internetdə görmüsünüz. İncə bir çiçək qalın bir asfaltı deşib çıxır. Nəsibə xanımın professional teatrı öz pulu ilə, zəhməti ilə yaratmış Cahangir Zeynalovun qızı olmasına rəğmən yenə də onun qabağını kəsirdilər"

Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Cahangir Novruzov deyib. 
Cahangir Novruzov uzun illər indiki Akademik Musiqili Teatrda rejissor vəzifəsində çalışıb. O hətta gecikdiyi üçün anasını məşq prossesinə buraxmadığını da etiraf edib.
 
"(gülür). Nəsibə xanımdır da. Ona gərək keçəsən. Ərköyün böyüyüb. Hər kəs onun xətrini çox istəyirdi. Evlə işi qarışdırmışdı. Amma özü mənə evi işə, işi evə qarışdırma deyirdi. Özü qədər disiplinli adam görməmişəm. Məşqə çağırmışdım. Vaxtında gəlib, 20 dəqiqə əvvəl. O vaxt bizim bir truppa müdiri var idi, onun otağına yığışıb aktyorlar söhbət edərdilər, bir stəkan çay içərdilər. Mən də otağa girdim, onlarla söhbət falan etdim. Aktyorlara dedim ki, vaxta az qalıb, məşqə gəlin. Özüm keçdim səhnəyə. Hamı otaqdan çıxdı, vaxtında məşqə gəldi. Nəsibə xanım truppa müdiri ilə nəsə danışırdı. Həm də gülürdü, səsi səhnəyə qədər gəlirdi. 10 dəqiqə gecikmişdi. Qapını açdım, dedim ki, Nəsibə xanım, mən sizi narahat etməyim, artıq başqa səhnəni məşq etməyə başladım, evə gedə bilərsiniz. Tutuldu və çıxıb evə getdi. Bunu ilk dəfədir danışıram. Axşam evə gəldim, otağa daxil olan kimi mənə bir sillə vurdu. O mənə əl qaldırmırdı. Dedi ki, "sən bu tərbiyəsizliyi kimdən öyrənmisən?" Dedim ki, səndən. Sən öyrətmisən ki, iş başqa, ev başqa. Məşqə gecikmək olmaz. Mən həyatım boyu sənin elə olduğunu görmüşəm. Baxdı üzümə, dedi ki, get burdan (gülür)" deyə sənətkar bildirib.

Cahangir Novruzov anasının son günlərindən də danışıb.
 
"Nəsibə xanım həyat yoldaşım Elnarə xanımın qucağında rəhmətə gedib. Anası da, anam da xəstə idi. Türkiyədə idim. Dedim ki, sən get, iki anaları yığ bir evə. Qızım Nəsibənin də anamın üzərində böyük zəhməti var. Elnarə bir ildən yuxarı onlara xidmət etdi, mən Türkiyədə tək qaldım ki, ehtiyaclarını qarşılayım. Anası da rəhmətə getdi, üstündən 1-2 ay keçdi Nəsibə xanım rəhmətə getdi" deyə sənətkar bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun