Qarabağda bayram tətili neçəyə başa gələr? - Qiymətlər

Qarabağda bayram tətili neçəyə başa gələr? - Qiymətlər

Novruzun gəlişinə sayılı günlər qalıb. Yazın nəfəsini, təbiətin oyanışını və yeni başlanğıcların rəmzi olan bu əziz bayramı hər kəs fərqli şəkildə qarşılamağa hazırlaşır. Kimi bayram tonqalını öz həyətində qalamağı, ailə süfrəsi arxasında sevdikləri ilə bir araya gəlməyi planlaşdırır, kimi xaricə səyahət etməyi, kimi isə bölgələrə üz tutaraq yazın təravətini ölkənin müxtəlif guşələrində hiss etməyi üstün tutur. Son illər işğaldan azad olunmuş ərazilərimizə maraq da xeyli artıb – bayram günlərində Qarabağa səfər etmək istəyənlərin sayı az deyil.

Bu il isə bayram əhval-ruhiyyəsi daha uzun sürəcək. Novruz və Ramazan bayramı eyni dövrə təsadüf etdiyindən ölkədə 11 gün ardıcıl qeyri-iş günü olacaq. Bu isə həm istirahət, həm də səyahət planları üçün geniş imkanlar yaradır. Uzunmüddətli tətil bir çoxlarına həm ölkə daxilində, həm də xaricdə maraqlı və yaddaqalan bayram proqramı qurmaq şansı verəcək.

OLAY yazır ki, Operativ Media-nın apardığı araşdırmaya əsasən, işğaldan azad olunmuş ərazilərdə yerləşən hotellər Novruz tətili günlərində müxtəlif qiymət və xidmət paketləri təklif edir. Xüsusilə Xankəndi, Şuşa və Laçın istiqamətində maraq daha yüksəkdir.

Xankəndidə qiymətlər

● Palace Hotel

20–29 mart tarixlərində 2 nəfərlik standart otaqda 1 gecəlik qalma qiyməti 180 AZN-dir. Qiymətə səhər yeməyi, qapalı hovuz və idman zalından istifadə daxildir.

● Qarabağ Hotel

Eyni tarixlər üzrə 2 nəfərlik standart otaq 250 AZN təklif olunur. Qiymətə səhər yeməyi, həmçinin qapalı hovuz və fitnes zalı (Palace Hoteldə yerləşir) daxildir.

● Bulud Terrace & Hotel

20–29 mart tarixlərində 2 nəfərlik standart otağın qiyməti 210 AZN-dir. Paketə səhər yeməyi, qapalı hovuz və fitnes zalı (Palace Hoteldə) daxildir.

Şuşada bayram proqramı və qiymətlər

● Xarıbülbül Hotel

Hazırda martın 16-dək hotel fəaliyyət göstərmir. Lakin Novruz bayramı günlərində fəaliyyətini bərpa edəcək və qonaq qəbulu həyata keçiriləcək. Martın 20-dən 23-dək olan tarixlərdə 2 nəfər üçün 1 gecəlik qalma qiyməti 140 manatdır. Qiymətə səhər yeməyi və gecələmə daxildir. Xüsusi tədbir paketi təqdim edilmir.

● Şuşa Hotel

Novruz tarixlərində 2 nəfər üçün ümumi qiymət 470 manat, 1 gecəlik qalma isə 240 manat təşkil edir. Qiymətə səhər yeməyi, SPA xidməti, hovuz və fitnes zalına giriş daxildir.

Bundan əlavə, bayram günlərində şou proqram təşkil olunacaq. Bildirilib ki, yerlər demək olar ki, doludur.

 Laçında qiymətlər

● Laçın Hotel

2 nəfər üçün 1 gecəlik qalma 230 AZN-dir. Qiymətə səhər yeməyi, idman zalı və qapalı hovuz daxildir. Bayram günlərində şou proqram nəzərdə tutulub. Lakin proqramda iştirak üçün “İticket” vasitəsilə əlavə 10 AZN-lik bilet almaq tələb olunur.

● Abdallar Hotel

2 nəfər üçün 1 gecəlik qalma 70 AZN-dir və qiymətə yalnız gecələmə daxildir.

● Həkəri Hotel

2 nəfər üçün 1 gecəlik qalma 60 AZN təklif olunur. Qiymətə yalnız gecələmə daxildir.

Beləliklə, Novruz tətilini Qarabağda keçirmək istəyənlər üçün həm komfortlu və əyləncəli paketlər, həm də daha münasib büdcəli seçimlər mövcuddur. Qiymətlər və doluluq səviyyəsi nəzərə alınaraq, vətəndaşlara əvvəlcədən rezervasiya etmələri tövsiyə olunur.