“Qızımı son dəfə 10 yaşında görmüşəm, bir ana üçün bu dəhşətdir” - FOTOlar

“Qızımı son dəfə 10 yaşında görmüşəm, bir ana üçün bu dəhşətdir” - FOTOlar

"1995-ci ildə gözüm ağrımağa başladı. Tam fikir vermirdim, abituriyent idim, universitetə hazırlaşırdım. İxtisasca hüquqşünasam. 2000-ci ildə hüquq fakültəsini bitirmişəm, həm də bu sahədə çalışmışam. Xəstəlik başladı. Həm ölkədaxilində, həm də ölkəxaricində uzun sürən əməliyyatlar nəticə vermədi. 2015-ci il yanvar ayının 10-da görmə qabiliyyətimi itirdim. Əslində sol gözüm hardasa 30 yaşım olanda tutulmuşdu, sağ gözümlə görürdüm. Anam 2014-cü ildə dünyasını dəyişdi. Böyük stress, həyəcan yaşadım. 2015-ci ildən 1-ci qrup tam görmə məhdudiyyətliyəm. O qədər ağır müalicələr götürürdüm ki. Günə hardasa 15-16 iynə vurulurdu. Heç birinin içində ağrıkəsici olmurdu. O ağrılar mənim həyatıma elə ağır zərbələr vurub ki. Bunun dünyada müalicəsi var, amma çox bahadır"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tam görmə məhdudiyyətli aktrisa Günay Məmmədova deyib. O daha sonra əlavə edib.

"Bir müddət ağır depressiya yaşadım. Özümə qapandım, ağladım. Amma şükür Allahın böyüklüyünə ki, məni bu vəziyyətdən çıxartdı. 2016-cı ildə 2-ci təhsil olaraq 1 saylı Tibb Kollecinin görmə məhdudiyyətli şəxslər üçün İdman və Reabilitasiya masajı fakültəsinə qəbul olundum. 3 il sonra həmin kolleci fərqlənmə diplomu ilə bitirdim. 2017-ci ildə Əsa teatrı haqda məlumatlar öyrəndim və sonradan məni ora işə götürdülər. Mən hal-hazırda dünyada yeganə, tam görmə məhdudiyyətli aktrisayam. Orada müxtəlif, böyüklü-kiçikli obrazlarım var. "Qonşu" tamaşasındakı erməni qadın rolum 45 teatr içərisində birincilik qazandı. Münsiflər heyətindəki şəxslər bilmirdi ki, mən tam görmə məhdudiyyətliyəm. Biləndən sonra təəccüblənmişdilər. Mən çalışıram ki, hamıya sübut edim ki, görmə məhdudiyyətli olmaq ölümə bərabər bir hiss deyil. Allah mənə hər şeyi verib, bircə görmə məhdudiyyətli edib. Düşünürəm ki, mənim kimi insanlara tanınmaq daha önəmlidir. Sağlam insan üçün cəmiyyətdə yaşamaq da çox asandır. Amma müəyyən fiziki məhdudiyyəti olanlar üçün yaşamaq ikiqat çətindir. Biz 98 faiz dünyanı dərk etmirik. Bu çox ağır bir statistikadır" deyə aktrisa bildirib.
 
Günay Məmmədova bildirib ki, onun üçün ən ağır situatsiya qızının böyüdüyünü görməməkdir.
"Sonuncu dəfə qızımı 10 yaşı olanda görmüşəm. İndi artıq universitetin 2-ci kursunda oxuyur. Martın 20-də qızımın 20 yaşım tamam olacaq. Hamı deyir ki, çox gözəldir, sənə bənzəyir. Balamın bəxti, taleyi gözəl olsun. Mənim üçün çox maraqlıdır o. Yatanda hərdən sakitcə əlimi onun üzünə, saçına, qaşına aparıram. Bir ana üçün çox çətindir. Gözümün görən vaxtı onu necə görmüşəmsə indi də elə görürəm. Bu mövzunu danışmağın özü də mənim üçün ağırdır. Çünki sən həyatda gördüyün hər an üçün darıxırsan. Evimdəki əşyalar üçün belə (kövrəlir). Kitab oxumaq üçün darıxmışam. Səmanı, ulduzları, ayı, günəşi, dənizi görmək üçün darıxmışam. Atamı görmək üçün darıxmışam. Deyirlər atan çox yaşlanıb. Öz üzümü görmək üçün darıxmışam. Ən azından bilmək istəyirəm qocalmışam ya yox? Ən çox qızımı görmək istəyirəm. Görəsən o necə biridir?! Qızım da aktrisalıq üzrə təhsil alır. Tamaşalarına gedirəm. Ancaq səsini eşidirəm, üzünü görmürəm. Bir ana üçün bundan ağır nə ola bilər?! Ona görə də mənim kimi insanlar cəmiyyətə inteqrasiya olunmalıdırlar. Qaranlıqdan yeganə çıxış yolu budur. Nə yaxşı ki, bizim inklüziv, reabilitasiya mərkəzləri var. Müəyyən efirlər pulludur, amma bizim kimi insanlara pulsuz etsinlər. 10 gündə 1 dəfə bizim kimi insanlara həmin verilişi ayırsınlar. Bir sadə müğənnini çıxarıb efirdə oxutmaqdansa fiziki məhdudiyyətli insanları dəvət etsinlər. Mən bu halımla həm modellik edirəm, hən veqan şirniyatlar hazırlayıram" deyə Günay Məmmədova bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun