Ayanın 450 minlik avtomobili qalmaqal yaratdı: “Namusu ilə deyil..."

Ayanın 450 minlik avtomobili qalmaqal yaratdı: “Namusu ilə deyil..."

Müğənni Ayan Babakişiyevanın özünə ən son model lüks avtomobil alması günlərlə müzakirə mövzusuna çevrildi. İfaçının qiyməti 225 min avro (450 min manat) olan 2023-cü il model BMW XM maşınını sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmadı. Bəziləri bu hərəkətinə görə Ayanı tənqid atəşinə tutdu.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Yenisabah.az"a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənnilərin bunu bir-birinin acığına etdiyini bildirib:

"Təəssüflər olsun ki, son illər müğənnilər arasında mal-mülkünü, maşınını paylaşmaq, reklam etmək dəb halını alıb. Burada həm həmkarlarına acıq vermək məsələsi, həm də "toy tutmaq" məsələsi var. Çoxdandır ki, bizdə milli-mənəvi dəyərlər geyimlə, bər-bəzək, maşınla ölçülür. Əvvəlki kimi ağıl, əxlaq, savad, səviyyə, sənət yoxdur. Bunu edənsə, məhz televiziyalar və Azərbaycan xalqının pulu ilə kef edən manıslardır.

Mən Ayan Babakişiyevanı uzun illərdir tanıyıram. Onu həmişə normal, ailəcanlı xanım kimi tanımışam. Əvvəllər məclislərdə qarşılaşardıq. 7-8 ildir ki, mən Ayan xanımı görmürdüm, o gün ilk dəfə gördüm, soruşdum ki, bu kimdir? Dedilər Ayandır. O cür dəyişib ki, mən belə onu tanıya bilmədim. Bütün bədənini, sir-sifətini dəyişib. Bu, son vaxtlar Azərbaycan şou-biznesinin faciəsinə çevrilib, hamı botoks edir, qaş-göz dartdırır, burnunu düzəltdirir. Hamı bir-birinə bənzəyir. Əgər insanlar Allahın verdiyi əmanətə xəyanət edirlərsə, deməli, qiyamət yaxınlaşır".

Kinorejissor avtomobilə bu qədər pul xərcləməyin mənasız və lazımsız olduğu qənaətindədir:

"İnsanlar artıq puldan ötrü hər şey etməyə hazırdırlar. Bir insanın normal yaşaması üçün nə qədər pul lazımdır axı? Gözləri doymur.

Söhbət tək Ayan Babakişiyevadan getmir, normal adam maşına 300-500 min manat pul verərmi? Avropaya getsəniz görərsiniz ki, insanlar kiçik, rahat maşınlara daha çox üstünlük verirlər. Bizdə isə maşını ilə öyünənlər günü-gündən artır. İnsanlar namusu. əxlaqı, ailəsi ilə deyil, 500 minlik maşını ilə öyünürlər, bununla fəxr edirlər. Bu gün Bakının küçələrində 300-400 minlik avtomobillərin kölgəsində qadınlar, gəlinlər əl açıb dilənirlər. Həmin maşın yiyələrinin insafı yoxdurmu? Bir maşına o qədər pulu necə verirlər, həmin pulu haradan alırlar? Azərbaycanda ən çox təqaüd alanlardan biri də mənəm, Prezident mənə təqaüd verir, amma mən ailəmi güclə dolandırıram. Onlar xalqı görün necə çapıb-talayırlar...

İnsanlar borca pul tapıb övladlarının toyuna həmin manısları dəvət edir. Onlar da soyunurlar, baldırını, sinəsini açıb ora-buralarını botoks etdirib səhnələrdən, telekanallardan düşmürlər. Bunu xalq edir! Niyə pulunuzu onlara səpələyirsiniz? Nə sənətləri var, nə əxlaqları, nə dəyərləri...

Bir toydakı ağsaqqal xeyir-duası yoxdur, bəylə, gəlin məclisdə şampan içib ayaqyalın rəqs edir, təbii ki, həmin yerdə boşanma faizi də artacaq. Hər şey kompleks şəkildə həll olunmalıdır. Xalq səfərbər olmalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun