Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub.
Milli.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov.
O bildirib ki, konfrans 5 mart tarixində keçiriləcək: "Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir".
Ə. Cabbarovun sözlərinə görə, hələlik sədr postuna elan edilən yeganə namizəd Xalq artisti Rasim Balayevdir: "Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər".
Qeyd edək ki, fəaliyyətdə olan kino ittifaqları ötən ilin iyununda birləşmələri barədə birgə bəyanat yayıblar. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun