Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti, aktyor Eldəniz Zeynalova həsr olunub.
Milli.Az xəbər verir ki, Xalq artisti Həmidə Ömərova sənətkarın həyatında yaşadığı çətinliklərdən bəhs edərək bildirib:
"Eldəniz həyatda da faciə yaşamışdı. Mənim bildiyimə görə, o vaxt hansısa bank iflasa uğramışdı və Eldəniz də öz maşınını satıb həmin banka qoymuşdu".
Aktyorun qızı Gülbəniz Zeynalova isə atasının səhhəti ilə bağlı yaşanan ağır hadisələri xatırlayıb:
"Atamın ciddi bir xəstəliyi yox idi. Gecə vaxtı su içməyə gedəndə yıxılmış, ayağı bud hissəsindən sınmışdı. Təəssüf ki, ilk əməliyyat düzgün aparılmadı. Hətta böyük qardaşım Elbrus da orada olub, narkozsuz müdaxilə zamanı atamın qışqırıqlarına dözə bilməyib ürəyi getmişdi. Ayağı düzgün bitişmədi, dedilər ki, ikinci əməliyyat lazımdır. Amma atam razı olmaq istəmirdi. Ona deyirdilər ki, səhnəyə çıxa bilməyəcəksən. Nəhayət, məcbur ikinci əməliyyata razı saldılar. Əməliyyatdan sonra isə hissiyyatsız idi - nə danışırdı, nə də reaksiya verirdi. Dostları, sənət yoldaşları gəlirdi, amma o sadəcə baxırdı".
Əməkdar artist Kübra Əliyeva isə Eldəniz Zeynalovun vəfatından sonra tapılan məktubdan danışıb:
"Eldəniz rəhmətə gedəndən sonra onun yastığının altından bir məktub tapıldı. Həmin məktub Həsənağa Turabov və Telman Adıgözəlova yazılmışdı. Yazırdı ki, "mən gedirəm, bilirəm ki, geri qayıtmayacağam. Balalarımı sizə əmanət edirəm". Bu, sənət aləmində çox nadir bir haldır".
Milli.Az
















