Aktrisa Pərvin Abıyeva uzun müddət sonra çəkiliş meydançalarına qayıtmaq qərarına gəlib.
Bu barədə sənətçi OLAY-a açıqlama verib. O bildirib ki, bir müddətdir davam edən fasiləni dayandırmaq istəyir:
“Açığı bir müddət dincəlmək istədim, özümə istirahət verdim. Amma bir az uzun çəkdi deyəsən. Qayıtmaq vaxtıdır. Təkliflər olur. Razılaşdığım, razılaşmadığım da var. Ona görə dəqiq bir şey deyə bilmirəm. Çoxdandır seriala çəkilməyi bitirmişəm. Nə vaxt Azərbaycanda yaxşı seriallar çəkiləcək, onda qəbul edəcəyəm. Ancaq film ola bilər. O ki qaldı, qonorar bütün aktyorların problemidir. İnanmıram hansısa azərbaycanlı aktyor razı qaldığını desin. Mümkün deyil. Məsələn, mən aşağı qonorarla yaxşı ssenari gəlsə, qəbul edərəm. İşin keyfiyyəti önəmlidir. Sonra da qonorar. Amma həm qonorar, həm də iş pis olanda istəmirsən”.
Abıyeva vurğulayıb ki, son vaxtlar TikTok-da həmişəki kimi aktiv deyil:
“Əvvəlki kimi aktiv deyiləm, canlı yayım açıram. Amma 3-4 gündən bir. Mən kinoya çəkildiyim vaxtlarda da instaqramda canlı yayım açırdım. Bu, mənə mane olmurdu. Sadəcə mən bir şeydən tez sıxılıram. Ümumiyyətlə son illər sosial mediada passivəm. Bu, mediatik olmağıma təsir göstərmir. Çünki bilirəm ki, bir cümləm, bir hərəkətimlə gündəmi zəbt edə bilərəm. Olan budur”.