Aktyor Taleh Yüzbəyov növbəti paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, o, ad çəkmədən yaşlı aktyorlardan birindən söz açıb. Taleh bildirib ki, həmin həmkarı onunla saymazyana salamlaşıb:
“Bu yaxınlarda yaşlı və bəyəndiyim bir aktyoru gördüm. Kiçiklik edib, yaxınlaşıb görüşdüm. Saymazyana salamlaşdı. İkinci dəfədir belə edir. Gələn dəfə görüşəndə ayağımı uzadacağam.
Bir çox yaşa dolmuş sənətkarlarımızla rastlaşmağa imkanım olub. Aralarında sadə və səmimiləri də az olmayıb. Onlara quzu kəsərəm. Necəsə dəstək olmağa çalışıblar, məsləhətlər veriblər. Amma çoxu niyəsə özünə gedib. Eqo və nifrət dolu baxışlarını az görməmişəm. Heyif, qocala bilmir çoxu. Elə bil təzə nəslə rəqib kimi baxırlar. Elə bilirlər, biz də onlar kimi dövlətdən nəsə qaxmarlamağa gəlmişik. Nəsə umuruq. Vallah, şəxsən mən nə sizdən, nə də dövlətdən nəsə umuram.
Bəziləriniz istedadlısınız, bəziləriniz yox. Sizdən öyrənəsi şey də çox deyil. Tərziniz köhnədir. Yenilikləri izləmirsiniz, yeni filmlərə baxmırsınız, yeni aktyor oyunu məktəblərini bilmirsiniz. Biz də sizdən qamara getmək, ad üstündə hər cür oyundan çıxmaq, ev almaq üçün hər şeyə razı olmağı öyrənmək istəmərik. Sadəcə böyük olun. İnsan kimi böyük olun. Yaradıcı insan kimi olun. Çünki cılız insan, böyük işlər görə bilməz”.
Bəstəkar-müğənni Murad Arif “FM” şərhini yazıb. Digər istifadəçilər isə onun Xalq artisti Fəxrəddin Manafov olduğunu iddia edib.
Onu da qeyd edək ki, iki sənətçi ötən gün eyni tədbirdə olub.