“Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərli “Liv Bona Dea” Hospital ilə məhkəməsi barədə açıqlama yayıb.
OLAY yazır ki, N. Köçərli əməliyyatdan sonra səhhətində yaranan problemdən söz açıb:
"Bilməyənlər üçün qısaca deyim: 14 yanvarda adıçəkilən xəstəxanada əməliyyat olunmuş, anestesiyanın çox gec verilməsindən və tibb personalının kobud rəftarından fiziki və mənəvi zərbə almışam. Xəstəxanada olduğum 3 gün ərzində dəfələrlə şikayət etsəm də, baxılmayıb. Artlq evdə olarkən, nisbətən özümə gələndən sonra xəstəxanada yaşadığım pis təcrübə barədə şəxsi sosial şəbəkəmdə paylaşım etdim. Buna görə də "Liv Bona Dea" məni məhkəməyə verib, 222 000 manat təzminat tələb edir.
Hazırlıq iclası martın 4-də olub. Aprelin 7-də bu işə baxılacaq. Əməliyyatdan sonra iki ay yarım vaxt keçdi. Amma mən hələ də özümə gələ bilmirəm, əksinə, səhhətimdə daha da böyük problemlər yaranıb. Demək olar ki, hər gün həkimlərdəyəm. Azərbaycanda analoqu olmayan məhkəmə prosesinə hazırlaşıram. Qorxulu filmlərin qəhrəmanı kimi hiss edirəm özümü: canımı qurtarsam da, xəstəxananın təqibindən xilas ola bilmirəm.
7 apreldə saat 11-də Nəsimi rayon məhkəməsində "Liv Bona Dea" xəstəxanasının mənə qarşı iddiasına baxılacaq. Məhkəmə iclası hər kəsin üzünə açıqdır. Bütün proseslə bağlı ətraflı məlumat verəcəyəm".
















