Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və ətraf ərazilər güclü yağışlar səbəbilə ciddi zərər görüb, şairin fotosunun yer aldığı xatirə lövhəsi də aşıb.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, ötən gün axşam saatlarında şairin əmisi nəvəsi Reyhan İsmayılzadə yenidən məlumat paylaşaraq, lövhənin əvvəlki yerinə qaytarıldığını bildirib.
“İstəyimiz şairin adına layiq, dünya standartlarına cavab verəcək şəkildə muzeydə və ətraf ərazidə yenidənqurma işlərinin aparılmasıdır. Həmçinin, möhkəm bir körpünün tikilməsi, gələcəkdə baş verə biləcək təbii fəlakətlərin qarşısını almaq üçün tədbirlərin görülməsidir. Mənfi düşünmək istəməsəm də, bir neçə ildir yaşanan hadisələr onu göstərir ki, bu kimi fəsadlar bizi yenidən gözləyə bilər”, - o vurğulayıb.
Mədəniyyət Nazirliyinin Abşeron-Xızı regional idarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Aramsız leysan yağışlar nəticəsində yaranan sel və daşqın Xızı rayonu ərazisində yerləşən Mikayıl Müşfiqin ev-muzeyinə gedən yolun üzərindəki körpünü uçurmuş, eyni zamanda muzeyin həyətyanı sahəsinə ziyan vurub.
Hadisədən dərhal sonra Mədəniyyət Nazirliyinin Abşeron-Xızı regional idarəsi tərəfindən ərazidə zəruri abadlıq-bərpa işləri aparılıb.
Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi tərəfindən Mikayıl Müşfiqin ev-muzeyinin əsaslı şəkildə yenidən təşkil olunması ilə əlaqədar iş aparılır və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, adıçəkilən ev-muzey ötən il də sel və daşqınlar nəticəsində zərər görmüş, ərazidə təmir-bərpa işləri aparılıb.
Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə verdiyimiz sorğunun əsasında bəlli olmuşdu ki, Mikayıl Müşfiqin xatirə muzeyi qısa müddətdə əsaslı təmirə dayandırılacaq.




















