Qeyri-hökumət təşkilatlarının sırasına daha biri qatılıb.
OLAY yazır ki, tanınmış jurnalist Firuzə Cəlilovanın rəhbərliyi ilə “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi fəaliyyətə başlayıb.
İndiyə kimi məhkumlarla bağlı müxtəlif təşkilatlar bir sıra işlər görsə də, məhz məhkum qadınlara xususi yanamşa olmayıb. “Sən cəmiyyətə lazımsan” fikirlərini özünə şüar seçən yeni yaradılan ictimai birlik fəaliyyətini birbaşa cəzaçəkmə müəssisələrində olan qadınların sosial problemlərinin həllinə yönəldəcək.
Həyatın ən qaranlıq dolanbaclarını keçən bu qadınların istər cəzaçəkmə müəssisəsi, istərsə də azadlıqda məşğulluğunu təmin etmək üçün QHT olaraq xususi fəaliyyət planı hazırlanıb. Onların təhsil almasına yardım edib, həbs müddətində mədəni-sosial həyatlarının fərqli və maraqlı təşkili əsas məqsədlərdən biridir.
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə Cəlilova məhbus qadınları yenidən cəmiyyətə qazandırmaq, onların təhsil alması, müxtəlif peşələrə yiyələnməsi, məşğulluqlarının təmin olunması üçün birlik tərəfindən bir sıra layihələrin hazırlandığını deyib.
Yaxın vaxtlarda məhbus qadınlara tibbi xidmətlərin göstərilməsi, müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.
“Sən cəmiyyətə lazımsan” çağırışı ilə yola çıxan “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi məhkum qadınların həbsdən sonrakı reabilitasiya dönəminə yardım etmək üçün bu istiqamətdə bir sıra təşkilatlarla birgə əməkdaşlıq razılığı əldə edib.