"Bəzən deyirlər ki, Azərbaycan musiqisi tənəzzülə uğrayıb. Belə deməzdim! Hələ ki, musiqimizin başında bizlər varıq. Bizlər varıq deyə tənəzzülə uğramayacaq. Biz çalışırıq, çox işlər görürük. Amma bütün bunları görməzdən gələnlər var. Mən tək özümdən danışmıram. Bu sahədə çalışan, musiqimizə xidmət edənlər çoxdur"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib. O daha sonra əlavə edib.
"Telekanallar, efirlər nəyi təbliğ edir?! Şoumenləri, reklamı çox olanları! Mənim o sahənin adamları ilə heç bir işim yoxdur. Toyda oxuyurlar, restoranlara dəvət alırlar, başqa ölkələrə dəvət alırlar. Halal xoşları olsun, qazansınlar. Mən yenə də deyirəm ki, toyda klassik musiqi, muğam dinləməyəcək ki, camaat. Mən bu cür şeylərə normal baxıram. Hər yerin öz musiqisi, öz düşündürücü məqamları var. Hər yerdə hər şey artıq dərəcədə olarsa tənəzzül budur. Muğamı da hər yerdə təbliğ etsən, o da gözdən düşər. Muğamın öz məqamları, yerləri var. Lazımsız yerdə onu oxuyarsansa qiymətdən salarsan. Bu baxımdan da mənim şou aləmində olan insanlarla heç bir şəxsi qərəzliyim yoxdur. Mən demək istəyirəm ki, yaşayan musiqi klassik musiqidir" deyə xanəndə bildirib.
Nuriyyə Hüseynova efirlərin təbliğat güzgüsü olduğunu bildirib. O həmçinin qeyd edib ki, bəzi efirlər bayağılığı təbliğ edir.
"Musiqimizi tənəzzülə uğradan telekanallardır. Lazımsız şeyləri çox təbliğ edirik. İki saatlıq efir iki qızın küsməsindən, barışmasından bəhs edir. Bu ölkənin dərdi-səri o qızların mübahisəsidir?! O qızlarla işim yoxdur, özləri bilər, küsərlər də, barışarlar da. Onları sevən tamaşaçı da var. Amma mənim ölkəmin dərdi-azarı iki insanın küsməsi, barışması, "daha çox kim toya gedir, kim pul qazanır" deyil. Ayıbır! Adam elə xəcalət çəkir ki, utanır. Dünyada elm inkişaf edir, kəşflər edilir. Bizim ölkəmizdəki müzakirəyə bax! Belə şeyləri müzakirə etməzlər! Bunlara son qoymaq lazımdır. İnsanları maarifləndirmək lazımdır. Pis şey göstərəcəksən, pis şeyin arxasınca gedəcəklər. Başa düşürəm ki, özəl telekanallarda reklam var, reklam olmasa pul gəlmir. Amma elə edək ki, insanlarımız yaxşı şeylərə baxsınlar. İnsan həm əylənməlidir, həm maariflənməlidir. Avropa insanı məndən artıqdır? Mənim millətimdən, ölkəmdən artıqdır?! Avropa mənim şəhərimin yanında heç nədir. Düşüncə, zehniyyət, hər bir şeyə yaxşı yanaşmaq da bizim əlimizdədir. İstəsək etmərik ki?" deyə əməkdar artist bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun