Çəkilişi baş tutmayan tarixi serialdan danışdı

Çəkilişi baş tutmayan tarixi serialdan danışdı

Aktyor Ziya Ağa uzun müddət sonra açıqlamalar verib. 

Sənətçi OLAY-la yeni layihələrindən, baş tutmayan serialdan, xaricdə rol aldığı ekran işindən və kino sferasından danışıb. 

Ziya deyib ki, karyerası ilə bağlı hər şey əladır:

“Serialımız efirdədir. Yeni tamaşaya hazırlaşırıq. Beynəlxalq layihədə yer alacam. İki, bəlkə də üç ölkənin birgə hazırlayacağı film olacaq. Daha çox çəkilişlər xarici ölkədə baş tutacaq. Hələ ölkənin adını açıqlaya bilmirik. Haradasa 10 faiz çəkiliş Azərbaycanda, 10 faiz isə Türkiyədə olacaq. Qismət olsa, çəkiləcək, təqdim olunacaq. Rusiyada çəkildiyim serialın adı “Yataqda üçüncü”dür. Tərcümədə belə çıxır. O da bu yaxınlarda yayımlanacaq. Onlayn platformada dünyaya təqdim olunacaq. Maraqlı təcrübə idi. Fərqli insanlarla çalışdım, yeni peşəkarlar tanımaq şansım oldu. Yaxşı idi”.

Aktyor İkinci Qarabağ müharibəsindən bəhs edən 8 bölümlük serialın baş tutmamasından da söz açıb:

“Məşqləri oldu. Biz hazırlaşdıq, 2 ay – 1 ay Bakıda, 1 ay isə Hadrutda olduq. Sadəcə mənim açıqlaya bilməyəcəyim, mənə aid olmayan səbəblərdən yarımçıq qaldı. Düzü, maraqlanmadım. Çünki işi görmək istəyən görərdi. Düşünürəm ki, bir şeyi həqiqətən istəyirsənsə, bütün dünya bunun üçün çalışacaq. Deməli, istək o qədər deyilmiş”.

Z. Ağa kino ittifaqlarının birləşib, Xalq artisti Rasim Balayevin sədr seçilməsinə də münasibət bildirib:

“Maraqlı hadisələrdir. Rasim müəllim Azərbaycanın dəyərli sənətçisidir. Həm də sədr kimi iki ittifaqın birləşməsi kino cameasına çox xeyirli olar. Ölkə olaraq kino və teatr sahəsində elə bir məqamdayıq ki, nələrisə psiləməyimiz, narazı olmağımız düzgün deyil. 

Nə peşəkarlıq, nə də insani baxımdan yanlışdır. Əl-ələ verib, hamıya kömək etmək lazımdır. Özümüzü qurban verməliyik ki, bizdən sonra gələn nəsil bizim günümüzdə olmasın”.

Video: Soltan İbrahimov