Milli.Az "De, gəlsin" çempionu, meyxanaçı, ssenarist Pərviz Arifin kult.az-a müsahibəsini təqdim edir:
- Pərviz, "De, gəlsin" meyxana yarışmasının qalibi olmusunuz, illərdir, meyxana məclislərindəsiniz. Amma deyəsən, o qədər də uğurlu olub, lazımi qədər tanınıb, sevilmədiniz.
- Lazımi qədər tanınmamaqla razıyam, amma sevilməməklə yox. Tutduğum yolda çoxluğa deyil, azlığa xas yaradıcılıq sərgiləmişəm ki, səbəb budur və həmin azlığın da əksəriyyətinin sevgisini hiss edirəm.
- Adətən, kimsə çox sevilməyəndə "mən çoxluğa xitab eləmirəm, sənəti başa düşənlər üçün yaşayıram" deyir. Meyxana kimi kütləvi sənətdə azlığa xas necə yaradıcılıq sərgiləmisiniz ki?
- Meyxana kütləvi sənətdir, kütlə halında dinləyicisi çoxdur, amma həqiqi xiridarı azdır. Çünki bu ciddi söz sənətidir. Əruz vəzni üstündə qısa vaxt ərzində dediyin bənddə həmqafiyəyə, rədifə diqqət yetirməlisən. İndi gəlin, düşünək, ölkədə bunları bilən neçə faiz insan var?
- "Qız atası" serialının ssenaristlərindənsiniz. Sizə elə gəlmir ki, məhz həmin serial da bayağıdır?
- Ölkənin bazar tələbini nəzərə alsaq, "Qız atası" yetərincə bayağılıq, ədəbsizlik, ailə dəyərlərinə zidd konseptdən uzaqdır.
- Məsələ konsepdirmi təkcə? Kommersiya xarakterli olması, ciddiliyin olmaması, sıradan, adi məişət məsələləri...
- Televiziya işində bayaq dediyim azlıq yox, çoxluq önəmlidir. Orada xiridara, işin əhlinə xitab etmirik.
- Bəs meyxanada azlığa etdiyiniz xitabı televiyayada da etmək, daha ciddi nələrsə üçün çalışmaq olmazdımı? Buna nə mane olur?
- Meyxana mənim işim deyil, həyatımın bir hissəsidir. Ssenaristlik isə işdir. Əgər sifarişçilər daha keyfiyyətli məhsul istəyib, ona qonarar ayırsalar, mən hazır.
- Belə çıxır, qonorarı az verirlər deyə ssenaristlər də qəsdən bayağı yazır?
- Təbii ki, yox. Sifarişçi artıq bilir ki, nə yazılsa reytinq verəcək, sponsor gələcək və qazanc əldə edəcək. Biz bu prosesdə sadəcə, "düzüb-qoşan" oluruq.
- Pərviz, meyxanaçılar niyə aqressiv olur, tənqid qəbul etmirlər? Daha dəqiq, tənqidlərə "qaqaş təfəkkürü" ilə cavab verirlər?
- Özümə cavabdeh olaraq deyə bilərəm ki, mən bayaqdan bütün tənqidləri adekvat qəbul elədim. Amma ümumilikdə meyxana sferası "qaqaş təfəkkürü"nə yaxındır, qəbul edirəm.
- Meyxana tək sizinlə bitmir axı. Sizin özünüzün ustad dediklərinizin əksəriyyəti bu cür reaksiyalar verir. Heç onlara irad bildirirsinizmi belə etmək doğru deyil deyə?
- Səmimiyyətim tam olana irad bildirərəm, qalanlara irad bildirsəm, mənimlə də " qaqaş təfəkkürü" ilə danışa bilərlər. Ona görə də hər kəs özünə cavabdehdir.
- Meyxananın bir tənqid olunan tərəfi də efirə çıxmasıdır...
- Efirə yarıçılpaq rəqqasə də, sosialda tərbiyəsiz danışıqları ilə məşhurlaşan homoseksual da, cəmiyyətə pis örnək olan, ailə dəyərlərini heçə sayan gəlin-qayınanalar da çıxır. Problem meyxananın çıxmağıdır?!
- Onlar da problemdir, amma meyxananın çıxmağını problem görmürsünüz?
- Meyxana televiziyadan da daha üst yerlərə çıxmağa layiqdir.
- Niyə?
- Çünki yalnız bizə məxsusdur və sadə bacarıq tələb edən sənət nümunəsi deyil.
- Məsələn, həmkarınız Rüfət Nasosnu demişdi ki, meyxana vərdiş məsələsidir. O özü Bayram Kürdəxanalının meyxanalarına baxıb öyrənib. Vərdişlə olursa, hansı xüsusi bacarıqdan söz gedir?
- Rüfət Nasosnu son zamanlar tənqid olunsa da, illər öncə sənətdə sözünü demiş insandır, xətrini çox istədiyim dostumdur. Dediyi bu sözdə isə həqiqət var, amma bu vərdiş sənətə yiyələnəndən sonra əmələ gəlir. Meyxana vərdiş olsa belə, anlayışı olmayan birinə onu öyrətməklə nəyəsə nail olmaq olmaz. Necə ki, şairlikdə ilham pərisi olur, yazırsan, püxtələşirsən, bu da elə.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun