Xanəndə Elgiz Əliyev "Öz aramızda" verilişində səsləndirdiyi səmimi etiraflarla izləyicilərin diqqətini cəlb edib.
Milli.Az xəbər verir ki, sənətçi bu gün nüfuzlu tədbirlərdə səhnə almasına baxmayaraq, uğura gedən yolun onun üçün heç də asan olmadığını bildirib. Elgiz Əliyev tələbəlik illərində maddi çətinliklər yaşadığını və bəzən yeməyə belə imkan tapmadığını etiraf edib.
Xanəndənin sözlərinə görə, yaşadığı yerdən Konservatoriyaya hər gün piyada gedib-gəlirdi. O, avtobus üçün lazım olan 20 qəpiyi belə tapa bilmədiyi günlərin olduğunu, lakin bütün çətinliklərə baxmayaraq sənətindən vaz keçmədiyini vurğulayıb.
Elgiz Əliyev bildirib ki, məqsədinə çatmaq üçün hər zaman prinsipial və əzmkar olub. Həssas xarakterə malik olsa da, qarşılaşdığı maneələrin onu ruhdan salmasına imkan verməyib. Onun sözlərinə görə, məhz zəhməti və əzmkarlığı bugünkü uğurlarının əsas səbəbi olub.
Xanəndənin həyat yolu və səsləndirdiyi etiraflar sosial şəbəkələrdə maraqla qarşılanıb. Bir çox istifadəçi onun əzm və iradəsini nümunə göstərərək bu hekayənin gənclər üçün motivasiya olduğunu qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















