Müğənni-bəstəkar Murad Arif Heydər Əliyev Sarayında “Hitmaker” adlı ikinci konsertinə hazırlaşır.
Sənətçi 23 Mayda baş tutması planlaşdırılan tədbirin məşqində OLAY-la həmsöhbət olub.
M. Arif dinləyicilərini gözləyən şoudan, gecənin sürprizlərindən və ulduz qonaqlarından danışıb:
“Düşüncənin özü qeyri-adi gəlir ki, Murad Arifin Heydər Əliyev Sarayında ikinci konsertidir. Bu məsələ məni həyəcanlandırır. Ciddi addımdır. Bu konsertdə belə bir qərar verdim ki, demək olar, dəvətnamə paylamayacağam. Dostlar, həmkarlar belə bilet alıb gəlsinlər. Baxım görüm sarayda anşlaq edə biləcəyəmmi? Bizdə artıq məlumatlar var. Biz tam “sold out”a gedirik. Bu, məni inanılmaz həyəcanlandırır.
Bir o qədər inamlı olmağa başlayıram. Sürprizlərim çoxdur. Gecədəki duet ortaqlarımdan biri Dilarə Kazımovadır. Amma burada dayanıram. Çünki başqaları da var. Bir ifadə söyləcəyəm: “Superstar...?!”. Mütləq gəlin, son biletləri alın, özünüzü yetirin. Səmimiyyət, enerji var. Mənim konsertimdən çıxan tamaşaçı enerjidən saçları tok vurmuş kimi olacaq. İnanılmaz konsert hazırlamışam. Keçən ilkindən fərqli olaraq bu dəfə 12 nömrə hazırlamışam. Həmçinin ötən il 9 lirik mahnım var idi, bu il isə üçdür. Bu, o deməkdir, ən rahat ayaqqabı və paltarlarınızı geyinin. Əyləşmək olmayacaq. Mayın 23-ü əsl klub konserti olacaq”.
Sənətçi bildirib ki, konsertdə sürpriz sima ilə duet mahnısını ilk dəfə səsləndirəcək:
“Bir yeni mahnımı oxuyacağam. Onu da superstarla duet edəcəyik. Yalnız ipucu kimi deyirəm ki, superstardır. Həm yeni mahnıdır, həm yeni duetdir, həm də ilk dəfə səsləndirəcəyik. Süpriz olsun. Tamaşaçı gəlib təəccüblənsin ki, bax, bunu gözləməzdik. Keçən il sürpriz “Çalxala” idi. Bu il də superstar... Bu barədə çox danışmaq istəmirəm. Canlı performans, 150 nəfərdən çox komanda... İddia edirəm ki, Azərbaycanda belə səhnə, belə işıqlar və performans olmayıb”.
“Sizcə, Azərbaycanda konsertlərdən gəlir əldə etmə dövrü yaxınlaşırmı” sualına gəlincə, müğənni bunları söyləyib:
“İlk konsertimdə xərclərimi ancaq tamamlaya bildim. Bu dəfə hiss edirəm ki, işlər yaxşı gedir. Bu, tamaşaçımızdan da asılıdır. Onlar Çeliki, Serdar Ortaçı, Mustafa Sandalı, Dima Bilanı, Presnyakovu, Aqutini yox... Azərbaycanlı müğənniləri - Röya Ayxanı, Aygün Kazımovanı, Faiq Ağayevi, Miri Yusifi, Tünzalə Ağayevanı dəstəkləsək, öz sənətçilərimizin konsertlərinə ajiotaj kimi yanaşsaq, fanatizim bəlli bir səviyyəyə çatsa, hamımız inkişaf edəcəyik. Bir şey deyim, bizdə deyirlər ki, Azərbaycan sənətçilərini toyda görürük, konsertinə niyə gedək? Məsələn, mən hər gün toyda, məclisdəyəm. Amma konsertdə oxuduğum mahnıların əksəriyyətini toyda ifa etmirəm. Konsertimdəki performansı, o işığı, rəqsi toylarda etmirəm. Toyların bəlli bir kontingenti və repertuarı var. Konsert repertuarı və Murad Arifi tamam başqadır. Ona görə də gəlin, Azərbaycan sənətçilərinə dəstək olaq”.
Sonda sənətçi qeyd edib ki, konsert tarixini astroloqu ilə məsləhətləşərək təyin edib:
“Astroloq, numeroloq, psixoloq hamısını yığmışam. Bütün “loqlar” mənim ətrafımdadır. İnşallah hər şey yaxşı olar. Olay, çox sağ olun, hər zaman yanımızda olduğunuz üçün. 23 may Heydər Əliyev Sarayında olay olacaq”.
Video: Soltan İbrahimov