Azərbaycanda fəaliyyət göstərən kino istehsalçılarının və kino sahəsində çalışan sənət adamları birgə bəyanat yayıb.
OLAY yazır ki, bəyanatda deyilir:
“Bir qrup kino adamları olaraq bu bəyanatımızla ictimaiyyətin və dövlətin mədəniyyət siyasətinə cavabdeh olan səlahiyyətli orqanların nəzərinə çatdırmaq istəyirik ki, peşə fəaliyyətimizi icra etməyimizə çox ciddi maneələr yaradılır. Hazırda biz azərbaycanlı kinematoqrafçılar, demək olar, kino istehsalatı tənəzzülə uğramış Azərbaycanda, asan olmayan şərtlərdə sənətə olan sevgimizlə filmlər istehsal edir, bürokratik və iqtisadi maneələri dəf etməyə çalışır, bütün çətinliklərə baxmayaraq, peşəmizlə məşğul olmağa çalışırıq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi qaydaları” qərarına əsasən, hər bir filmi ölkəmizdəki kinozallarda, kinoteatrlarda göstərmək üçün mütləq şəkildə yayım vərəqəsi - lisenziya almaq məcburiyyətindəyik. Mədəniyyət Nazirliyi yayım vərəqəsini sözügedən qərara istinadən tələb etsə də, bunu qanuna zidd formada icra edir. Qanunda göstərilir ki, Azərbaycanda istehsal edilmiş və ölkə ərazisində nümayişi nəzərdə tutulan filmlərin müəlliflərinin və ya hüquqi sahiblərinin Mədəniyyət Nazirliyinə filmlərində “pornoqrafik, dini, milli, irqi düşmənçiliyə yönələn” kadrların olmadığı barədə məlumat verməsi kifayətdir. Qanuna əsasən, ancaq yaş kateqoriyası verilə bilər, senzura tətbiq edilə bilməz. Bütün bunlar sadə görünsə də, Mədəniyyət Nazirliyi tərəfindən “Ekspert şurası” yaradılıb və bu şura filmlərə yayım vərəqəsi vermək adı ilə ciddi nəzarət mexanizmi qurub, başqa sözlə, senzura tətbiq edir. Beləliklə, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Ekspert Şurası” tərəfindən filmlərə yayım hüququ verilməsi böyük bir maneəyə çevrilir.
Sözügedən “Ekspert Şurası”nın fəaliyyəti Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi Qaydaları” ilə bağlı qərarına ziddir. Bir kinematoqrafçının yaradıcı prosesinə hər hansısa “Ekspert Şurası”nın nəzarət etməsi absurddur. Nazirliyin belə qanundankənar fəaliyyətləri kino işçilərinin yaradıcı azadlığını əlindən alır.
Mədəniyyət Nazirliyi illərdir “Kino haqqında” qanunu kino adamları ilə məsləhətləşərək yeniləmək əvəzinə, artıq Azərbaycanda kino fəaliyyəti ilə məşğul olan insanlara “çəkiliş icazəsi” qaydası da tətbiq etməyə də başlayıb. Beynəlxalq praktikada “çəkiliş icazəsi”ni sadələşdirmiş şəkildə, bir portal vasitəsilə almaq mümkün olduğu halda ölkəmizdə buna da ciddi bürokratik maneələr yaradılır. Bir sözlə, Mədəniyyət Nazirliyi deyir ki, bu ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal edə və ya istehsal edibsə, bu filmi tamaşaçılara təqdim edə bilməz.
Biz kino adamları olaraq çox güclü təzyiqə, senzuraya məruz qaldığımızı düşünürük. Ümumiyyətlə, artıq uzun müddətdir ki, kino sahəsində son dərəcə ciddi xaos hökm sürür, məmurlar tərəfindən az qala düşmən münasibəti sərgilənir, kinomuz sanki bilərəkdən inkişafa yox, geriyə sürüklənir.
Bu şərtlərdə kino mühitində heç bir yaradıcı və iqtisadi azadlıqdan söhbət gedə bilməz və fəaliyyət göstərməyimiz, demək olar ki, qeyri-mümkündür. Bu, sənətin və sənətçinin kinodan uzaqlaşmasına, yaradıcılığın tamamilə yox olmasına gətirib çıxaracaq.
Belə davam edərsə, heç kim heç bir halda bizim ölkədə kinonun varlığına inanmayacaq və azərbaycanlı kinematoqrafçılar dünya kinematoqrafiyasından təcrid olunacaq. Biz bu bəyanatla bütün bunlara səssiz qalmadığımızı bildirir, həmçinin, ictimaiyyəti mövcud vəziyyətə laqeyd qalmamağa səsləyirik.
Bu səbəbdən Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının mədəniyyət siyasəti ilə məşğul olan digər qurumların və cavabdeh məmurların bizim bəyanatımıza reaksiya verməsini istəyir, tələblərimizi sadalayırıq:
1. Azərbaycan Respublikasının qanunlarına zidd olan faktiki senzura və yaradılan bütün süni maneələr aradan qaldırılsın.
2. Filmlərin yayımında Nazirlər Kabinetinin hazırkı qərarı əsas götürülsün. Yayım vəsiqəsi sadələşdirilmiş formada və “Ekspert Şurası” olmadan, Nazirlər Kabinetinin qərarına əsasən verilsin.
3. Kino qanununun işləkliyinin təmini məqsədilə müzakirə mühiti formalaşdırılsın və bu qərarlar yerli kinematoqrafçılarla müzakirə edilərək həyata keçirilsin.
Hörmətlə,
1. İradə Bağırzadə - prodüser, ssenarist
2. Maria İbrahimova - prodüser, rejissor
3. Elvin Adıgözəl - rejissor
4. Tural Əhməd - aktyor
5. Asif Rüstəmov - rejissor
6. Aygün Aslanlı - kinotənqidçi
7. İntiqam Hacılı - prodüser, rejissor
8. İlqarə Tosova - aktrisa
9. Kamran Ağabalayev - aktyor
10. Arif İsmayılov - rejissor
11. Qorqud Cəfər - aktyor
12. Daniel Quliyev - rejissor
13. Natiq Hüsiyev - təsvir rejissoru
14. Toğrul Kamalov - rejissor
15. Cəlil Cavanşir - ssenarist
16. Eldar Aslanov - rejissor
17. Hacı Səfərov - kinotənqidçi
18. İmam Həsən - rejissor
19. İskra Tarrant - aktrisa
20. Zaur Muxtarov - rejissor
21. Elşən Əliyev - rejissor
22. Mirzalı Əlizadə - montajçı
23. Aliyə Dadaşova - kinotənqidçi
24. Mətləb Muxtarov - rejissor
25. Sitarə İbrahimbəyli - rejissor
26. Ələmdar Faiq - rejissor
27. Turan Yaqublu - rejissor
28. Teymur Hacıyev - rejissor
29. Vidadi Rüstəmov - prodüser
30. Türkan Zamanova - ssenarist
31. Vüsalə Ağayeva - aktrisa
32. Elman Əliyev - təsvir rejissoru”.