Milli.Az lent.az-a istinadla "Bioqrafiya" rubrikasında hind rəqslərinin mahir ifaçısı, aktrisa, aparıcı, ginekoloq və dəri zöhrəvi həkimi "OksiMedia" MMC şirkətinin rəhbəri Oksana Rəsulova barədə məlumat verir.
- Oksana Rəsulova harada və nə zaman anadan olub?
Oksana Rəsulova 1982-ci il 19 dekabrda Əli Bayramlı, indiki Şirvan rayonunda doğulub. Sonra ailəsi ilə birgə Rusiyaya köçüb və uzun illər Rusiyada yaşayıb.
- Oksana Rəsulovanın ali təhsili var?
Bəli. Əsl peşəsi həkimdir. Ginekoloq və dəri zöhrəvi həkimidir. Buna baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir.
- Oksana Rəsulova hind rəqsləri üzrə müsabiqələrdə qalib olub?
Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müzikalda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-ndə 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır.
- Oksana Rəsulovanı Hindistanda məşhurlaşdıran nə oldu?
"Məşhur ulduzların iştirak etdiyi tədbirlərdə oluram, mənə qarşı gözəl münasibət var. Hindistanın məşhur müsabiqəsi "İndias Best Cine Star Ki Khoj"un qalibi oldum, neçə min insanın içərisindən birinci seçildim. Onlar avtomatik məni qəbul etməli oldular. Həm də hind dilini bilirəm, bu, mənə böyük köməklik edir. Orada gəlmə olduğumu çox da hiss etmirlər" - deyə o qeyd edib.
- Oksana Rəsulova nə zamandan rəqslə məşğul olur?
3 yaşından hind rəqslərinə böyük həvəsi olan, 8 yaşından isə rəqslə məşğul olan Oksana, 1999-cu ildən başlayaraq artıq böyük səhnələrdə rəqqasə kimi çıxış etməyə başlayıb.
Qalmaqallardan kənar, öz sənəti ilə məşğul olan Oksana Rəsulova qısa bir zamanda populyarlıq qazanıb.
Hindistanda bir neçə dəfə tədbirlərə dəvət alan rəqqasə, axırıncı səfərində Bollivudun məşhur aktyoru Anupam Kxerin aktyorluq məktəbində təhsil alıb və Bollivudun ən tanınmış simaları ilə görüşüb.
Bundan əlavə, ilk müəllimi hesab etdiyi, Hindistanın rəqs kraliçası Madhuri Diksitin tələbəsi olub. Oksananın rəqsini bəyənən aktrisa, onun istedadını yüksək dəyərləndirib.2014-cü ildə o, Hindistanda "India's Best Cine Star Ki Khoj" adlanan realiti şousunda finala çıxıb.
2015-ci ildən etibarən "OksiMedia" MMC şirkətini yaradaraq oranın rəhbəri kimi fəaliyyətini davam etdirir.
- Oksana Rəsulova filmə çəkilib?
Öz şirkətinin istehsal etdiyi 15 filmə çəkilib.
- Oksana Rəsulova ailəlidir?
O, 3 dəfə ailə qurub. Birinci əri Rusiya vətəndaşı idi. İkinci dəfə böyük sevgi əsasında Elşad Xose ilə evlənib. Bu ailə Elşadın ona qarşı şiddət göstərməsi nəticəsində dağılıb. Oksana üçüncü dəfə dostu Şəhriyar Əbilovla evlənib. Bu evlilik nəticəsində onun 16 illik uşaq həsrətinə son qoyulub, Şəhriyar Oksananın Osman adlı oğlunun atasıdır. Lakin bu evlilik də uzun sürməyib və cütlük ayrılıb. Ayrılsalar da münasibətləri dost kimi davam edir. Sosial şəbəkələrdə Oksananın bu nikaha yalnız uşaq xətrinə daxil olduğu deyilir.
- Oksana indi həkim kimi fəaliyyət göstərir?
Xeyr. Lakin 4 sonsuz qadını müalicə edərək, onları öz reseptləri nəticəsində analıq səadətinə qovuşdurduğunu deyib.
- Oksana Rəsulovanın bir ginekoloq kimi qadınların seksual həyatı barədə düşüncələri necədir?
O bu barədə belə deyib: "Qadının enerjisi o qədər güclüdür ki. Fen-şuy fəlsəfəsinə görə qadın çox diqqətli olmalıdır, enerjisini çox xərcləməməlidir. Allah qadına o qədər güc verib ki, onun enerjisi həm ərə, həm ailəyə, həm də ki, uşaqlara paylana bilir. Bunu da unutmaq olmaz ki, hər bir insan digərinin həyatında vampirdir. O, səndən nəyi isə alır və gedir. Fərqi yoxdur, o insan sənin kimindir, nəyindir. Biri alıb getdi, ikinci alıb getdi... Cinsi əlaqə zamanı da kişi qadından o enerjini "sorur". Ancaq bir qadın və bir kişi uzun müddət cinsi əlaqədə olsalar, onlar bir-birini 50-50-yə tamamlayırlar. Elə bil, onlar təzədən bir-birindən həzz alıb, ehtirasa gəlirlər. Xanımdan enerji gedəndə isə dərisi quruyur, gözünün işığı gedir, saçları taxta kimi olur. Ona görə xanımlar sevən zaman, hər hansı münasibət yaşayan zaman, çox diqqətli və məlumatlı olmalıdırlar".
- Oksana Rəsuloava bir daha ailə quracaq?
O bir daha evlənməyəcəyii bildirib.
- Oksana Rəsulova ilə Elşad Xosenin münasibətləri soyuqdur?
Bəli. Ünsiyyət qurmurlar. Lakin Oksana onunla gözəl keçmiş yaşadığını inkar etmir.
- Oksana Rəsulova sosial şəbəkələrdə aktivdir?
"Bəli, sosial şəbəkələrdə çox aktivəm, xüsusən də İnstagram-da. Fan-səhifəmi izləyirəm, xoşuma gəlir mənim fanlarımın mənə yazdığı sözlər, göndərdikləri video və şəkillər. Təşəkkür edirəm onlara" o deyib.
- Oksana Rəsulova varlıdır?
"İnsanlar elə bilir ki, Oksanın başından var-dövlət tökülür. Təki olsun, niyə də yox? Amma söhbət bundan getmir. Yetərincə pul qazansam da, düşündükləri qədər zəngin deyiləm. Elə vaxtlarım olub ki, maliyyə ilə bağlı ciddi sıxıntılar keçirmişəm. Ciddi maliyyə ziyanına düşmüşdüm. Nəinki quyunun dibinə, sanki okeanın dərinliyinə batmışdım. 15 gün evdən çıxmadım, böyük bir maliyyə itirmişdim, pulsuz qalmışdım. Ən böyük dayağım ailəmdir. Elə tanışlarım var idi ki, kömək istədim deyə məndən üz döndərdi. Məhz şou-biznes nümayəndələri idi. Dar günümdə onlar mənə kömək olmasa da, indiki vəziyyətim onlardan qat-qat yaxşıdır"- o bu sualı belə cavablandırıb.
- Oksana Rəsulova ailəsi üçün layiqli övlad ola bilib?
"Məşhur sima olmağıma baxmayaraq, onların mənə ehtiyacı yoxdur. Sözsüz ki, bu, o demək deyil ki, onlara dəstək olmuram. Əlavə yardım etmişəm, valideynlərimi xarici səfərlərə aparmaq istəmişəm, özləri razı olmayıb. Yenə də düşünürəm ki, yaxşı övlad deyiləm. Çünki vaxtında səhv addımlarımla onları çox incitmişəm. Son illərdə ailəmə daha çox bağlanmışam, amma keçmiş xətalarım yadıma düşəndə sarsıntı keçirirəm. Gərək o qüsurlara yol verməzdi" deyə aktrisa bir müsahibəsində qeyd edib.
- Oksana Rəsulova dindardır?
Bəli. O hətta Həcc ziyarətində olub, hacıxanımdır.
Milli.Az