Zəfərimizə həsr olunan nəğmələr…

Zəfərimizə həsr olunan nəğmələr…

Vətən müharibəsi dövrü və sonrasında vətənpərvərlik ruhunda mahnılarımızın mövzusu bir qədər dəyişdi. Otuz ildir daha çox nisgildən ərsəyə gələn əsərlər bu dəfə zəfərdən, qələbədən bəhs etməyə başladı.

OLAY Zəfər Günü münasibətilə ötən illərdə yaranan və qələbəmizə ithaf olunan mahnılardan bir neçəsini təqdim edir. 

Müğənni Elçin Cəfərov elə savaşın ilk günlərində Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə bəstələdiyi “Millətəm” mahnısını yayımlayıb. O, bu əsəri öz sənət dostları ilə birgə ifa edib.

Müğənni Çinarə Məlikzadənin sözləri Sədaqət Əhmədovaya, musiqisi mərhum Xalq artisti Emin Sabitoğluna məxsus “Azərbaycan” mahnısı olduqca sevilib. Onun bu ifası hələ də vətənpərvərlik mövzulu videoları bəzəyir.

Müğənni Xatirə İslam 2020-nin noyabrında “Kəndinə qayıdır xan” deyib. Onun Sheyh Ree (Şəhriyar Ramazanzadə) imzalı bu mahnısı ötən illər ərzində xeyli bəyəni toplayıb.

Müğənni Səmra Rəhimli də bu müddətdə vətənpərvərlik mövzusuna toxunub. O, “Şuşa, biz qayıtmışıq” deyərək zəfərimizə mahnı həsr edib.

Xalq artisti Röya Ayxan ötən il sözləri İkram Əliyevə, musiqisi Əməkdar artist Cabir İmanova məxsus “Qələbə” mahnısını yayımlayıb. Estrada ulduzunun bu ifası qısa müddətdə vətənpərvərlik mövzusunda sevilən mahnıları sırasında yer alıb.

Uzun illərdir ifa etdiyi milli ruhda nəğmələrdə səsindəki nisgil duyulan Şəmistan Əlizamanlı bu dəfə zəfər sevincindən oxuyub. Onun təqdim etdiyi “Zəfər yolu” mahnısı qələbəmizə həsr olunan ən gözəl nəğmələrdəndir.