“Utanıram, hamı səni tanıyır, amma cibin boşdur” - azərbaycanlı aktyor - FOTOlar

“Utanıram, hamı səni tanıyır, amma cibin boşdur” - azərbaycanlı aktyor - FOTOlar

Milli.Az xəbər verir ki, lent.az-ın müsahibi "Pərvanələrin rəqsi", "Ağabəyovlar", "Həyat varsa", "Sonuncu fəsil", "Fədakar", "Bəla", "Yuxu kimi", "Vətəndaş A", "Xəyanət" kimi seriallarda oynadığı rollarla tanınıb sevilən aktyor Niyaz İlyasoğludur.

Qeyd: Niyaz İlyas oğlu Qasımov (Niyaz İlyasoğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq mədəni əlaqələr ixtisasında təhsil alıb. Badamdar qəsəbə Mədəniyyət Evində xalq teatrı rejissoru (2008-2009), Gənc Tamaşaçılar Teatrında işləyib. 2010-cu ildən Bakı Uşaq Teatrının aktyorudur. Bədii qiraət müsabiqəsinin qalibi olub, Xalq Teatrlar Müsabiqəsində ən yaxşı kişi roluna görə mükafat alıb.

Niyaz Qasımov aktrisa Könül Şahbazova ilə evlidir, iki övladı var.

- Niyaz, öncə onu deyim ki, "Xəyanət" serialındakı kişilərin demək olar ki, hamısı qəzəbli, qəddar, hökmran kişilərdir. Daim qalmaqal, əsəb  gərginliyi... Yormur bu siz aktyorları? Mənə bu əsəbi mühitin səhnə arxası çox maraqlıdır

- Hərdən İlqar Cahangirə (Mahmud rolunun ifaçısı) deyirəm ki, müəllim, bu qədər ürəkdən oynama, vallah, cana ziyandır. O, əsəbi, gərgin səhnələrdən sonra bəzən bir az oturub dincəlməli, su içməli, siqaret çəkməli oluruq. Hərdən evə gəlirəm, uşaqlar dəcəllik edəndə səsimi yüksəldirəm. Yoldaşım deyir, "əsəbini çəkiliş meydançasında qoy gəl". Görürəm düz deyir. Bəzən əsəblərimin pozulacağından qorxuram (gülür). Amma elə oynamalısan ki, tamaşaçı inansın, qəbul eləsin. Belə rollar mədəni, sakit insanlar üçün yaxşıdır bəlkə də. Rolda çığır-bağır eləyib stressimizi tökürük.

- Sirr deyilsə, bu filmdən nə qədər  qonorar alırsınız.? Yəni bu əsəbə stressə dəyər?

- "Xəyanət" serialında aylıq maaş verilir. Ortalama 1000 manatdır. Azərbaycanda təəssüf ki, Türkiyədə, Rusiyada olduğu kimi yüksək qonorarlardan söhbət getmir. Bəzən yolda bizi görüb deyirlər ki, populyar adamdır, yəqin pulu da olar. Pul istəyənlər də olur hətta. Təəssüf ki, o imkanın sahibi deyiləm hamıya kömək edim. Olsa edərəm, amma yoxdur. Hərdən utanır adam. Hamı səni tanıyır, hörmət edir, amma sənin cibin boşdur. Şöhrət var, pul yox. "Nə edim, necə edim?" qayğıları ilə küçədə gedirsən, yaxınlaşıb xoş sözlər deyirlər, gülümsünüb xoş yola salmalısan, halbuki o an beynində dağı arana daşıyırdın, aranı dağa. Tanınmış adamın pulsuz olmağı bir az daha utandırıcıdır.

- Başqa hansısa iş görmüsüz dolanışıq üçün?

- Gənclikdə mühafizəçi işləyirdim teatrla bərabər, ildə bir dəfə də Şaxta baba olurdum.

- İndi hansısa teatrda işləyirsiniz?

- Bəli. Qaraçuxurda Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən Uşaq Teatrında işləyirəm. Evim Lökbatanda, teatr Qaraçuxurda. Yəni çəkilişlər olmasa, bu boyda yol gəlmək problem olardı mənə.

 - Başqa teatra keçmək arzunuz yoxdur?

- Var, axtarmışam deyiblər, vakansiya yoxdur. Bilmirəm, niyəsə tapmıram. İllər öncə Gənc Tamaşaçılar Teatrında işləmişəm.

- Azərbaycanda seriala çox çəkilə bilmək üçün nə lazımdır?

- Çox zaman məşhur simalara üstünlük verilir. Bir çox hallarda aktyorun şəxsi keyfiyyətləri, xarakterinə də önəm verirlər. Məsələn, kaprizli adamla işləmək istəmirlər. Amma ulduz aktyor istəyirsənsə, onun adına layiq hörmət qoyulmalıdır da. Çox zaman istedadın olmaqla deyil, bir az şans da olmalıdır aktyorda. Mən ilk seriallardan sonra təxminən 4-5 il çəkilmədim, unuduldum. İndi yenidən çəkirlər və bu hər iki halda məni eyforiyaya salmır. Ola bilər yenə unutsunlar.

- Nədənsə çox zaman qəzəbli, qəddar  kişi rollarına çəkirlər sizi. O rollarla bənzərliyiniz var?

- Bənzərliyim yoxdur. Həyatda sakit, bir az utancaq adamam,  dava-dalaşla aram yoxdur. Bəzən qarşımdakı kobudluq edir, baxıram ki, qanmaz, cahil adamdır, yola verirəm, deyirəm eybi yox qoy bu cahil özünü qalib saysın. Əslində "niyə məni qəddar rollarına çəkirsiniz?" sualını rejissorlara verirəm. Deyirlər səndə onu görürük. Teatrda komik rollarım olub, serialda da ilk dəfə komediyada oynamışam, amma sərt obrazlarla tanındım. "Yuxu kimi" serialında qəddar, hiyləgər, davakar bir rolum var idi, Cövdət. Məni çoxu kənardan Cövdət kimi görürdü həyatda. 

- Belə rollara görə tamaşaçılardan hansısa sərt reaksiyalar almısınız?

- Hə olub. Cövdət rolunu oynayan vaxtlarımda toya getmişdim. Bir nəfər, iri, boylu-buxunlu kişi yaxınlaşdı. Dedi, "qulağının dibindən elə qapaz qoymağım gəlir, amma cəsarət eləmirəm".

Bir dəfə də bir tamaşaçı yaxınlaşdı, oturduq söhbət elədik. Həmsöhbətim bir az danışdı, axırda dedi, özünü belə aparma, yekə kişisən, Cövdət ol. Ümumiyyətlə, hiss edirəm ki, insanların çoxu mənimlə söhbətdən sonra xəyal qırıqlığına uğrayırlar qabaqlarında o yekəxana, vurub-yıxan adamı görmürlər deyə.

- Həyatda heç dava eləməmisiniz?

- Uşaqlıqda olub. Yeniyetməlik vaxtı bir uşaqla dalaşdıq, yıxdım onu yerə, dedim, bax gəl qalxaq, amma daha dalaşmayaq. "Yaxşı" dedi, ayağa qaxan kimi yenə başladı. Mən qalmaqalı ağılla, sözlə həll etməyə üstünlük verirəm. Təbii ki, lazım gələrsə özümü müdafiə eləməyi bacarıram. Gündəlik həyatda necəyəmsə cəmiyyət arasında da eləyəm. Dəyişmirəm.

- Film çəkilişlərində, maraqlı anlar yaşanmış olar...

- Çox olur. "Vətəndaş A" serilaında bir yer var, hələ efirə getməyib, kənd uşaqlarından biri ilə dalaşıb süpürləşməliydik. Dalaşdıq yerə yıxdım. Üzü əlimin altına elə yaxşı şəkildə düşdü, şapalaq vurmaya bilməzdim. Şilləni necə bərk çəkdimsə, üz-gözünü qan bürüdü. Burnu yeni əməliyyatdan çıxıbmış, toxunmaq olmazdı. Mən özümü unudub həqiqətən vurdum onu. Çəkilişi də saxlamadılar ki, təbii alınsın.  Sonra üzr istədim ondan. Şükür ki, burnuna xətər yetirməmişəm, amma göyərdi də üzü. Bir dəfə də "Xəyanət" serialının ən gərgin səhnələrindən biri çəkilir. Mahmud düşməni Yaşarla üz-üzə durub, qanlı-qanlı baxışırlar. Mahmud deməlidir ki, indi aramızda bir məslə qaldı. İlqar müəllim deyir ki, indi aramızda bilmirəm neçə məsələ qaldı. Gülüşdük, yenidən o gərgin halımıza qayıtmaq üçün dəqiqələr lazım oldu. Belə anlar Tural rolunu oynayan Cövdət Şükürovla mənim də aramda yaşanır. Kəllə-kəlləyə gəlib hirsli-hirsli göz-gözə baxmalıyıq, gülürük. Ümumiyyətlə, çox istedadlı aktyorlar toplanıb bu filmə. Cavidan Novruzun atasından genlərindən gələn istedadı var, komediyanı da, dramı da əla oynayır. Elə hamısı. Gərək yaxşıya yaxşı deyəsən.

- Həyat yoldaşınız da aktrisadır. Necə keçir iki aktyorun ömrü bir dam altında? 

- Eyni teatrda işləyirik. Eyni işin sahibiyik deyə o anlayışla qarşılayır. Bəzən gecə saat 3-4 də gəlirəm çəkilişdən, bilir ki, bu işdir. Uşaqlar balacadırlar. Bir oğlumuz, bir qızımız var. Bəzən mən qalıram uşaqlarla, o gedir teatra, bəzən o qalır mən gedirəm.

- Rollarına qadağa qoymanız, qısqanmağınız olur?

- Teatrda bir ailə kimiyik,  elə bir adam yoxdur ki, qısqanasan. Ümumiyyətlə, qısqancam. Çox zaman rol təklifi gələndə onun özünə demədən deyirəm, yox bu ona olmaz. Hər rola uyğun görmürəm. O da razılaşır.

- Ürəyinizdə qalan söz oldu?

- Maddiyyatdan danışdıq. İstəmirəm ağlamaq kimi görünsün. Amma istəyirəm bütün aktyorların dolanışığı yaxşı olsun, əziyyət çəkməyək. Biz də ailə saxlayırıq, övlad böyüdürük. Hər nə qədər peşəni sevsən də, fədakarlıq edib dözsən də, bizim də ehtiyacımız var. İstedadlı insanlar çoxdur bu xalqın, bu sənəti yaşadacaqlar. Sadəcə bir az qayğıya, dəstəyə ehtiyacımız var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun