Qaraqandan yeni klip

Qaraqandan yeni klip

Azərbaycanın tanınmış reperi və yazıçısı Qaraqan yenidən dinləyicilərinin qarşısına fərqli və düşündürücü bir layihə ilə çıxıb.

OLAY yazır ki, o, “Sıradan Adam” adlı yeni mahnısını təqdim edib. Mahnı, 13 fevral tarixində klipi ilə birlikdə dinləyicilərə təqdim olunub və maraqlı vizual həlli ilə diqqət çəkib.

Bu klip Azərbaycanda bir ilk olan kukla teatrı janrında hazırlanıb. Hadisələrin mərkəzində “Sıradan Adam” adlanan bir insan dayanır. O, otağında ətrafa baxaraq, həyatının uğursuz və kasıb olduğunu anlayır. Onun yaşadığı evin interyerindən də bu hiss olunur. Divarda Nizami Gəncəvinin rəsminin asılması isə onun mədəni bir insan olduğuna işarə edir.

Süjetin başqa bir maraqlı detalı masanın üzərindəki qəzetdir. Qəzetdə plastik əməliyyatlar vasitəsilə insanların getdikcə bir-birinə daha çox bənzədiyi vurğulanır. Bu isə Sıradan Adamın fərqli bir insan olaraq kütlə içində tək qaldığını və onların bayağı dünyasına uyğunlaşmaq istəmədiyini göstərir. Cəmiyyət tərəfindən qəbul edilmədiyi üçün təkliyə məhkum olan bu insan sonda əlində “2+2=5” yazısı ilə Bakının mərkəzinə çıxır.

Bu simvolik səhnə Sıradan Adamın cəmiyyətin yalanlarını qəbul etdiyini və onlarla barışdığını göstərir. Belə olduqda, üzsüz, formasız, bir-birinə bənzəyən skelet insanlar ona yaxınlaşır və orkestr xorunun müşayiəti ilə mahnı oxumağa başlayırlar.

Klipin ikinci hissəsində isə Sıradan Adamın içində üsyan qopur. O, həqiqi fikirləri ilə cəmiyyətdən müraciət etməyə çalışır. Lakin bu fərqliliyi insanlar qəbul etmir və onu barmaqla göstərməyə, daş atmağa başlayırlar. Nəticədə, o, cəmiyyətdən kənarlaşdırılır və həkimlər tərəfindən ruhi xəstəxanaya aparılır.

Mahnının əsas mesajı fərqli düşünən, mədəni insanın cəmiyyət tərəfindən sıxışdırılması və bayağı kütlə tərəfindən qəbul edilməməsidir. Belə insanlar hətta “dəli” adlandırılaraq, bayağılığın içində itir.

Qaraqan hər zaman düşündürücü və cəmiyyətə mesaj verən işləri ilə fərqlənib. O, öz yaradıcılığı ilə sosial problemləri qabardır və fərqli yanaşmalar sərgiləyir. Buna qədər Qaraqan və Yaradıcı Birlik komandası Azərbaycanda ilk süni intellektlə çəkilmiş klipi və ilk animasiya komiksi kimi vizual yeniliklərə imza atıb. Hazırda isə Qaraqan ABŞ-da olmasına baxmayaraq, Azərbaycanda “Mədrəsə” adlı sənədli filmi və fəlsəfi mühazirə dərslərini təşkil edir.