Nəzakət Teymurovanın konsertindən görüntülər...

Nəzakət Teymurovanın konsertindən görüntülər...

Heydər Əliyev Sarayında Xalq artisti Nəzakət Teymurovanın “Qal, sənə qurban” adlı solo konserti baş tutub.

OLAY yazır ki, milli musiqimizin saf duyğulu incilərinə və muğam sənətinə həsr olunan bu gecə dinləyicilərə unudulmaz sənət anları yaşadıb.

Tədbir iki hissədən ibarət idi. Hər iki hissədə Teymurovanın səsi ilə muğamın dərinliklərinə enən tamaşaçılar, sənətin paklığına, musiqinin ruh oxşayan gücünə şahid oldular.

Gecə boyunca sənətkara Xalq artisti Fərhad Bədəlbəylinin rəhbəri olduğu Bakı Kamera Orkestri, Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu “Xarı Bülbül” muğam qrupu və baş dirijor, Əməkdar artist Fuad İbrahimov yoldaşlıq edirdi.

Tamaşaçılar arasında Azərbaycan ədəbiyyatının və sənət aləminin tanınmış simaları — Xalq şairi Ramiz Rövşən, professor Rafiq Əliyev, Xalq artisti Aygün Bayramova, Əməkdar artist Dilarə Əliyeva, Əməkdar mədəniyyə işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva və bir sıra sənət nümayəndələri yer alıb.

Konsertin aparıcısı Leyla Quliyeva olub. Tədbirdə yeganə qonaq qiraətçi Xəzər Süleymanlı olub. O, “Qal, sənə qurban” ifası zamanı şeir səsləndirib. Onun səhnəyə gətirdiyi poetik ruh, gecənin emosional tonunu daha da gücləndirib.

Teymurova səhnədə iki fərqli libasda görünüb — onun bu gecəyə xüsusi hazırlanmış zərif tərzi üzərində tanınmış stilist Elnur Həsənov çalışmışıb. İncə zövq və sadə dəbdə olan bu libaslar ifaçının bənzərsiz səsi ilə vəhdət təşkil edib.

Konsertin kulminasiya nöqtəsi isə “Qarabağ şikəstəsi” ilə baş verib. Teymurovanın səsinin titrəyişi Qarabağ həsrətindən doğan o böyük nisgili səhnədən zala, zalın ürəyindən Vətən torpaqlarına qədər daşıyıb.