Tanınmış simaların dəfn mərasimi zamanı edilən çəkilişlər bəzən cəmiyyətdə narazılıqlar doğurur. Həmçinin, vəfat edən məhşurların yaxınları da belə məqamlarda müsahibə verməkdən imtina edir.
Qeyd edək ki, iki gün öncə dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin də bacısı dünən ondan açıqlama almaq istəyən jurnalistlərə öz iradını bildirib. Həmçinin, vurğulayıb ki, mikrofonsuz gələn hər kəsə evin qapısı açıqdır.
Tanınmışların ailə üzvlərinin media əməkdaşlarına bu kimi reaksiyalar verməsinin kökündə hansı səbəblər dayanır? Niyə yas mərasimlərindəki çəkilişlər bir çox insanlar tərəfindən aqressiv qarşılanır?
Milli.Az bildirir ki, Əməkdar artist Mehriban Xanlarova mövzu ilə bağlı "Yeni Sabah"a danışıb. Tanınmış aktrisa sözügedən məsələ barədə bir sıra məqamlara toxunub:
"Aygün Bəylər xalqımız, elimiz üçün fəaliyyət göstərib. Onun haqqında yazı yazmaq, çəkiliş etməkdə bir qəbahət yoxdur. Niyə görə olsun ki? Ancaq baxır necə çəkiliş edilməlidir? Elə çəkiliş var ki, burada olduqca ehtiyatlı davranmaq lazımdır. Xüsusilə dəfn mərasimlərində bir çox məqamlara diqqət edilməlidir. Orada qadınlar da olur. Hər kəsin ailəsi var. Bəlkə kimsə istəmir ki, onu hansısa vəziyyətdə görüntüyə alsınlar. Belə situasiyalarda başqa cür çəkiliş etmək olar. Ancaq təəssüflər olsun ki, bizimkilər naşı davranırlar. Bəzən ora gedənlər oba-qonşudan tutmuş, əmi-dayı uşaqlarına qədər hamını danışdırmağa çalışır. Belə olmaz axı. Bu zaman əsas olan tanınmış şəxsin ailəsi olmalıdır. Ona görə də, adam bilmir dünyadan köçən əzizinə ağlasın, yoxsa bu kimi hallara nəzər yetirsin. Həm də hər yerin özünə görə adət-ənənələri, qayda-qanunları olur. Xüsusilə, kənd yerində daha diqqətli olmaq lazımdır".
Mehriban Xanlarova bildirib ki, bəzi səbəblər məhşurların ailəsi ilə media əməkdaşları arasında narazılıqlara gətirib-çıxarır:
"Reytinq toplamaq, yaxud başqa nəyinsə xatirinə yas yerində çəkiliş etmək olmaz.
Bu kimi səbəblərdən dolayı bəzən tanınmış simaların yaxınları onların dəfn mərasimlərində media vasitələrinin olmasını istəmir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun