Rusiyada filmə dəvət alan Naibə Allahverdiyeva: “Qonorar çox azdır, dilə gətirməyə adam utanır” - AÇIQLAMA

Rusiyada filmə dəvət alan Naibə Allahverdiyeva: “Qonorar çox azdır, dilə gətirməyə adam utanır” - AÇIQLAMA

Rusiyada bədii filmə çəkilmək üçün dəvət alan Xalq artisti Naibə Allahverdiyeva səhhəti ilə əlaqədar kastinqdə iştirak edə bilməyib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a sənətçinin özü məlumat verib.

Xalq artist bu məsələ ilə bağlı çox danışmaq istəmədiyini qeyd edib:

"Əslində əvvəlcədən danışmaq istəmirdim. Onlar məni kastinqə çağırmışdılar. Bakıda kastinq olub. Yenidən orada da olacaq. Mən də səhhətimə görə gedə bilmədim. Onlara vəziyyətimi bildirdim. Müalicələrimi edib, daha sonra gedəcəyəm.

Mən bir dəfə də filmlərinə çəkilmişəm. İndi də dəvət ediblər. Təklif etdikləri kiçik rol deyil. Önəmli roldur. Mənə deyiblər ki, "qaraçı qadın" rolunu oynayacaqsan".

N.Allahverdiyeva orada daimi qala bilməyəcəyini əlavə edib:

"Orada daimi qalmaq istəmərəm. Azərbaycansız bir dəqiqə yaşaya bilmərəm. Mənim həyatım buradadır. Filmin heç qonorarın da danışmamışam. Öz aktyorlarına daha çox qonorar verirlər. İlk dəfə filmə dəvət alanda bunun şahidi oldum. Azərbaycana nisbətən qonorar yaxşıdır. Amma öz aktyorlarına verilən qonorardan qat-qat aşağı verirlər. Hətta mənə demişdilər ki, sizdə qonorar onsuz da azdır, biz 10 qatını artıq veririk".

"İlk dəfə filmə çəkiləndə məni çox bəyənmişdilər. Mənə dedilər ki, sizin gözləriniz bütün ekranı tutur, sanki danışır. Yəqin ki, ölkənizdə sizi filmlərə çox çəkirlər. Ürəyimdə dedim ki, bəxtəvər başıma. Bizdə pul azdır. Təklif gələndə insan utanır məbləği dilinə gətirməyə. İnşallah yaxşı olar", - deyə N.Allahverdiyeva fikrini tamamlayıb.

Xatırladaq ki, Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün dəvət alıb. O, bir dəfə də Rusiya istehsalı olan "Cənnətdən kuryer" bədii filmində çəkilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun