Milli.Az xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzər Məmmədova Moderator.az-ın suallarını cavablandırıb.
-Zülfiyyə xanım, bir müddət əvvəl qadın aktrisalarımız üçün filmlərdə baş rolların yazılmamasından şikayətlənmişdiniz. Buna səbəb nədir?
-Son vaxtlar bizdə qəribə bir tendensiya yaranıb. Filmlərdə kişilər önəmli mövqelərdə olurlar, seriallarda isə əksinə qadınları baş rola gətirirlər. Seriallarda hadisələr hansısa bir qadının üzərində cərəyan edir, filmlərdə isə əksinə. Bu bilirsiniz nədən irəli gəlir?! Son illərdə bizdə film sektorunda durğunluqdur. Bədii filmlər, müxtəlif taleləri kəsb edən filmlər az lentə alınır. Çəkilən filmlərdə də kişi qüvvəsinə önəm verilir. Əgər həddindən artıq filmlər çəkilsə, rəqabət yaransa, artıq kişi yaxud qadın fərqi qoyulmayacaq. Bu fərq filmlərin az çəkilməyindən irəli gəlir. Çünki hər hansı bir kişinin başına gələn hadisələri macəra halından ssenari halına gətirmək daha asandır, nəinki hər-hansı qadının başına gələnləri ssenariləşdirmək. Seriallarımızda isə qadınların başına gələn hadisələri şaxələndirib ssenari halına gətirmək daha rahatdır.
-Özünüzü şanslı aktrisa hesab edirsiniz?
-Əlbəttə, özümü şanslı aktrisa hesab edirəm. Ən əvvəl ona görə ki, böyük, əfsanəvi aktrisamız Amaliya Pənahovanın tələbəsiyəm, onun məktəbini keçmişəm. Amaliya xanımın yaratdığı Bakı Bələdiyyə Teatrının kollektivində mən də varam və məni bu teatra özü gətirib. Onun haqqı üzərimdə çox böyükdür. Heç vaxt mən bu haqqı ödəyə bilməyəcəm. Allah ona qəni-qəni rəhmət etsin. Hər bir sənətçi hər zaman arzulayır ki, nəhəng rollar oynasın. Mən də hər zaman bunu istəmişəm. Konkret arzuladığım bir rol yoxdur, amma istərdim ki, hər zaman xarakterik rollarım olsun. Həmin rollarla yadda qalım, tamaşaçıya təsir edə bilim. Mənə gəlib tamaşa edən tamaşaçı günlərlə mənim rolumun təsirindən çıxmasın. Gecə yatanda obrazımı fikirləşsin. Əgər mən bunu bacara bilirəmsə demək ki, artıq nəsə alınıb.
-Hansı obrazı oynamazsınız?
-Mənim üçün elə bir obraz yoxdur. Əgər rolun ümumi xarakteri, ssenarisi mənim xoşuma gələrsə, mən hər bir rolu oynayaram. Ümumiyyətlə çalışıram ki, səhnədə komplekssiz olum. Aktyor-aktrisa kompleksli olanda özü-özünü geriyə atır. Çalışıram ki, içimdən o rolu necə oynamaq gəlirsə oynayım, necə göstərmək lazımdırsa o formada göstərib, tamaşaçıya təhvil verim.
-Həmkarlarınıza, müğənnilərə efirlərdə bahalı hədiyyələr verilir. Özü də tanımadıqları şəxslər tərəfindən. Amma sizdə bunun şahidi olmamışıq. Olmaya siz efirdə hədiyyə qəbul etmirsiniz?
-Hamı bilir ki, bu kimi hallar insanın daxili boşluğundan əmələ gəlir. Daxili zəngin olan insan, sənətində öz gücü ilə, istedadı ilə azacıq da olsa uğur qazanmış şəxs heç vaxt belə primitiv, görməmiş variantlara əl atmır. Artıq bütün dünyada bu kimi sterotiplər, piar kompaniyalar çoxdan dəbdən düşüb. Bizdə nədənsə hələ də aktuallığını qoruyur. Efir vasitəsilə hədiyyə verməyi uşaq da bilir ki, bu göstəriş üçün olan bir şeydir və qurmadır. Çünki hədiyyə verən insan niyə efirdən versin ki?! Təklikdə çağırıb, hədiyyəni verər də. Bu əlbəttə ki, gülünc, bayağı, şit bir hərəkətdir. Başqa bir açıqlaması yoxdur.
-Bir müsahibənizdə demisiniz ki, "xəyanətə görə ailəmi dağıtmaram". Bəlkə də bu fikirdə olan tək-tük xanımlardansınız.
-Hələ də bu fikrim qüvvədə qalır. Heç bir vaxt ailəmi xəyanətə görə dağıtmaram. Hansısa yüngül əxlaqlı qadına ailəmi peşkəş etmərəm. Bacardığım qədər, ikiəlli ailəmi tutub saxlayaram. Heç bir qadına o xoşbəxtliyi nəsib etmərəm ki, o hardasa gedib desin ki, filankəsin ailəsini mən dağıtdım. Ailə tamam başqa şeylərə görə dağıla bilər. Əgər tərəflərdən birinin ciddi psixoloji problemi varsa, ziyanlı vərdişləri varsa bu halda ailə dağıla bilər. Amma xəyanıət etdi, maaşı az gətirdi, ona belə baxdı kimi sözlərə görə ailə dağılmaz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun