Xalq artisti Miri Yusif “Maska” şoudakı çıxışından danışıb.
OLAY yazır ki, bu barədə sənətçi proqramda Qorilla maskasını çıxardandan sonra açıqlama verib. Təəssüratlarını bölüşən Miri bildirib ki, özünü gizlədə bilməyib:
“Gözəl təəssüratlar qazandıq. Sanki qarşımda Şerlok Holmslar əyləşib. Birinci dəfədən onlar məni tapdılar. Düzdür, özümü çox “yandırdım”. Amma mümkün deyildi. Bacardığım qədər gizlədirdim. Səhnəarxasında deyirdilər ki, Miri, özünü “yandırırsan”. Dedim içimdə o hərəkət hissi varsa, bunu gizlətmək mümkünsüzdür. Özümü “Yandıra-yandıra” bu etaba çatmışamsa, böyük şeydir.
Nigar məndən söz alırdı ki, səncə, Qorilla kimdir? Dedim, kimdirsə, yaxşı parodistdir, məni orada yaman gözəl göstərir. Qorilla ilə çox doğmalaşdıq. Düzdür, xasiyyətimiz də eynidir. Ona söz vermişəm ki, səhnəyə bir yerdə çıxacağıq”.